
Ermənistanda yaxınlaşan parlament seçkiləri artıq sıradan daxili siyasi yarış deyil, Ermənistanın gələcək geosiyasi istiqamətinin müəyyən olunacağı kritik mərhələyə çevrilib. Baş nazir Nikol Paşinyan son illərdə Ermənistan siyasətində uzun müddət toxunulmaz hesab edilən mövzulara açıq şəkildə toxunmağa başlayıb.
Paşinyanın son çıxışlarında Ermənistan cəmiyyətinə verilən əsas mesajlardan biri budur ki, erməni xalqı təxminən 200 ilə yaxın müddətdə böyük dövlətlərin geosiyasi maraqları naminə yanlış ideologiyalarla idarə olunub və region xalqları ilə düşmənçilik siyasəti Ermənistanın inkişafını əngəlləyib. Xüsusilə Qarabağ məsələsinin uzun illər Ermənistan daxilində emosional və siyasi manipulyasiya alətinə çevrildiyi artıq daha açıq müzakirə olunur.
Paşinyanın son çıxışlarında Azərbaycanla bağlı daha rasional və praqmatik ritorika diqqət çəkir. “Müharibə dövrü bitib, regionda sülh dövrü başlayır” mesajları Ermənistan cəmiyyətinə yeni siyasi istiqamətin təqdim olunmasıdır. Ermənistan rəhbərliyi artıq anlayır ki, regionda davamlı inkişafın yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Bu kontekstdə Qarabağın tarixi və hüquqi baxımdan Azərbaycan ərazisi olması reallığının Ermənistan daxilində daha açıq qəbul olunmağa başlaması regionda yeni siyasi mərhələyə işarə edir. Ermənistan iqtisadiyyatında son illərdə müşahidə olunan inkişaf, investisiya axını, Qərb siyasi dairələrinin İrəvana artan marağı və dünya liderlərin Ermənistana səfərlərinin intensivləşməsi regionun dəyişən siyasi xəritəsinin önəmini artır.
Bu gün Ermənistan cəmiyyətində ilk dəfə olaraq “davamlı qarşıdurma” yox, “regional inteqrasiya və iqtisadi inkişaf” modeli müzakirə olunur. Bu dəyişiklik isə təbii olaraq həm daxildə revanşist qüvvələri, həm də regionda təsir imkanlarını itirmək istəməyən dairələri ciddi şəkildə narahat edir.
Məhz bu səbəbdən Rusiyanın bölgədə zəifləyən təsir imkanlarını yenidən bərpa etmək üçün “Qarabağ faktorunu” yenidən gündəmə gətirməyə çalışdığı barədə ehtimallar artır. Kremlə yaxın siyasi dairələrin əsas məqsədi Paşinyan haqqında “Qarabağı Azərbaycana verən lider” görüntüsü formalaşdırmaq və Ermənistan daxilində revanşist emosiyaları yenidən alovlandırmaqdır.
Rusiyaya yaxınlığı ilə tanınan Robert Koçaryan və onun ətrafında birləşən siyasi qüvvələrin seçki ritorikasında da məhz bu xətt açıq görünür. Qarabağ məsələsinin yenidən emosional siyasi alətə çevrilməsi cəhdləri Ermənistan daxilində qorxu və keçmiş travmalar üzərindən siyasi nəticə əldə etməyə hesablanıb.
Vladimir Putin isə son çıxışlarında Paşinyanın siyasətini dolayısı ilə Ukraynanın Avropa inteqrasiyası siyasəti ilə müqayisə edərək erməni cəmiyyətinə “Ukrayna səhvini təkrarlamayın” mesajı verməyə çalışır. Bu isə əslində Rusiyanın post-sovet məkanında təsir imkanlarını itirməsinin yaratdığı geosiyasi narahatlığın ifadəsidir.
Rusiya-Ukrayna müharibəsi Kremlin gözlədiyi nəticələri vermədi. Uzanan müharibə, ağır iqtisadi sanksiyalar, sosial gərginlik və iqtisadi böhran artıq Rusiya cəmiyyətində ciddi yorğunluq yaradıb. Belə bir şəraitdə Kremlin Cənubi Qafqazda yeni siyasi təsir mexanizmləri formalaşdırmağa çalışması tamamilə başadüşüləndir.
Bu gün regionda artıq yeni siyasi reallıq formalaşır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar göstərir ki, tərəflər problemlərin həlli üçün ikinci və ya üçüncü tərəflərin diktəsinə ehtiyac duymadan birbaşa dialoq imkanlarını genişləndirirlər. Bu isə region dövlətlərinin siyasi suverenlik baxımından mühüm mərhələyə keçdiyini göstərir.
İlham Əliyev və Nikol Paşinyan arasında formalaşan birbaşa təmas xətti, eləcə də Azərbaycan və erməni cəmiyyətləri arasında gələcəkdə birbaşa kommunikasiya imkanlarının yaranması region üçün yeni təhlükəsizlik modelinin əsasını qoya bilər.
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirdiyi genişmiqyaslı tikinti, infrastruktur və bərpa layihələri isə artıq post-münaqişə dövrünün əsas siyasi və iqtisadi simvollarından birinə çevrilib. Yeni şəhərlərin salınması, hava limanlarının tikilməsi, yolların, tunellərin və enerji layihələrinin həyata keçirilməsi göstərir ki, Azərbaycan bölgəni uzunmüddətli inkişaf və inteqrasiya məkanına çevirmək niyyətindədir.
Zəngəzur dəhlizi layihəsi də təkcə nəqliyyat xətti deyil, regionun iqtisadi və geosiyasi transformasiya layihəsidir. Əgər region dövlətləri qarşıdurma siyasətindən imtina edib əməkdaşlıq modelinə keçə bilsələr, Cənubi Qafqaz yaxın illərdə Avrasiyanın ən strateji iqtisadi mərkəzlərindən birinə çevrilə bilər.
Tarix göstərir ki, müharibələr dövlətləri zəiflədir, iqtisadi əməkdaşlıq isə xalqları gücləndirir. Regionun gələcəyi revanşizmdə deyil, hüquqa əsaslanan sülh, iqtisadi inteqrasiya və qarşılıqlı etimadın qurulmasındadır.
Səftər Rəhimli











































