
Qarabağ münaqişəsinin həlli kontekstində ATƏT-in Minsk qrupu beynəlxalq diplomatiyada uzun illər vasitəçi kimi təqdim olunsa da, onun fəaliyyəti mahiyyət etibarilə nəticəsiz və ziddiyyətli olub. ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə formalaşan bu mexanizm formal olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə legitimlik qazansa da, praktikada həmin dövlətlərin öz geosiyasi maraqları prosesin obyektivliyini ciddi şəkildə zəiflədib.
BMT TŞ-nin qəbul etdiyi qətnamələrin icrası məsələsində selektiv yanaşma Minsk qrupunun əsas zəif nöqtəsinə çevrildi. Beynəlxalq hüququn universal prinsipləri əvəzinə, siyasi maraqların ön plana çıxması işğal faktının uzun illər davam etməsinə şərait yaratdı. Azərbaycan ərazilərinin dağıdılması, mədəni irsin məhv edilməsi və qanunsuz məskunlaşma prosesləri fonunda vasitəçi dövlətlərin passiv mövqeyi beynəlxalq sistemdə ədalət mexanizminin zəifliyini açıq şəkildə göstərdi.
Prezident İlham Əliyevin bu ikili standartları davamlı olaraq gündəmə gətirməsi və beynəlxalq platformalarda sərt şəkildə tənqid etməsi isə Azərbaycanın diplomatik xəttinin əsas istiqamətlərindən birinə çevrildi. 44 günlük Vətən müharibəsindən sonra reallığın dəyişməsi ilə Minsk qrupunun faktiki funksiyasını itirməsi bu mexanizmin tarixə qovuşmasını sürətləndirdi. Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edərək, BMT qətnamələrini praktik olaraq icra etdi.
Bu kontekstdə Ermənistanın dövlət modeli də xüsusi təhlil tələb edir. Tarixi olaraq xarici güclərin himayəsinə əsaslanan siyasi davranış modeli bu ölkədə müstəqil və dayanıqlı dövlətçilik ənənəsinin formalaşmasına imkan verməyib. Müxtəlif dövrlərdə fərqli himayədarların dəyişməsi – əvvəl Rusiya, indi isə Fransa – Ermənistanın xarici siyasətində davamlı asılılıq tendensiyasını göstərir.
Fransanın neokolonialist yanaşmaları isə Cənubi Qafqaza təsir göstərmək cəhdlərinin yeni forması kimi qiymətləndirilə bilər. BMT-nin neokolonializm üzrə müvafiq yanaşmaları və Türk Dövlətləri Təşkilatının bəyanatları bu tendensiyalara qarşı siyasi və hüquqi mövqe formalaşdırır. Xüsusilə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti sülh prosesinə töhfə verməkdən çox, regionda gərginlik yaratmaq kimi dəyərləndirilir.
Eyni zamanda, Fransa Prezidenti Makronun regionla bağlı siyasəti daha çox simvolik və daxili siyasi reytinq hesablamalarına əsaslanan yanaşma kimi görünür. Onun Ermənistana dair ritorikası və regional təşəbbüsləri real güc balansını dəyişməkdən uzaqdır. Azərbaycan və Türkiyənin strateji koordinasiyası isə bu cür təşəbbüslərin reallıqla toqquşmasını təmin edir və regional gündəmi müəyyən edən əsas faktor kimi çıxış edir.
Sülh prosesi baxımından da əsas təşəbbüskar Azərbaycanın olduğu aydın görünür. Ermənistanın isə bu prosesi beynəlxalq platformalarda manipulyasiya etməyə çalışması nəticə etibarilə etimad mühitini zəiflədir. Əgər revanşist meyllər yenidən güclənərsə, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün zəruri addımları atacağını açıq şəkildə bəyan edib.
Ümumilikdə, 44 günlük müharibə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də 200 illik geosiyasi status-kvonun dəyişməsi idi. Bu dəyişiklik Cənubi Qafqazda yeni reallıq yaradıb və artıq regional siyasətin əsas mərkəzi Bakı–Ankara strateji xətti üzərində formalaşır.
Yusif Bağırzadə, politoloq











































