
İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə vətəndaşlara təqdim etdiyi 12 mənzil özəl mülkiyyətə keçib.
Newscenter.az xəbər verir ki, bunu Fondun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.
"12 kirayə müqaviləsi üzrə vətəndaşlar öhdəliklərini tam yerinə yetirərək mənzillərinin mülkiyyət hüququnu əldə edib. Kirayə müqavilələri minimum 3 il, maksimum isə 25 il müddətinə bağlanılır. Təqdim olunan mənzillər tam təmirlidir. Vətəndaşlar əlavə təmir işləri aparmadan mənzillərə köçə bilirlər. Mənzillərdə sanitar qovşaqları, kombi sistemi, eləcə də işıq, qaz və su sayğacları quraşdırılıb. Vətəndaşlar yalnız müqaviləni bağlayaraq məişət avadanlıqlarını gətirməklə mənzildə rahat yaşaya bilərlər. Bu mexanizmin əsas üstünlüklərindən biri də aylıq ödənişlərin sabit qalmasıdır. Belə ki, müqavilə bağlanarkən müəyyən edilən aylıq ödəniş məbləği 25 ilə qədər olan bütün müddət ərzində dəyişmir. Daşınmaz əmlak bazarında və ya adi kirayə bazarında baş verən qiymət artımları bu mexanizm üzrə aylıq ödənişlərə heç bir təsir göstərmir", - deyə o qeyd edib.
Fond rəsmisi xatırladıb ki, kirayə mənzil mexanizmi ölkə Prezidentinin 25 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb, onun icrasına isə 2020-ci ilin mart ayından başlanılıb: "Bu günə qədər 9 546 kirayə müqaviləsi üzrə vətəndaşlara mənzillər təhvil verilib. Mexanizmin özünəməxsus şərtləri və xüsusiyyətləri var. Əsas şərtlərdən biri ondan ibarətdir ki, sonda mənzil vətəndaşın mülkiyyətinə keçir. Kirayə və ödəniş müddəti ərzində mülkiyyət hüququ Fondda qalır. Müqavilədə nəzərdə tutulan bütün aylıq ödənişlər tam və vaxtında yerinə yetirildikdən sonra isə vətəndaş mənzilin mülkiyyət hüququnu əldə edir".












































