Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya "siyasi təlxəklər"in davranışlarına nəzarət etməlidir

Rusiya "siyasi təlxəklər"in davranışlarına nəzarət etməlidir


"Son zamanlar, Rusiyanın televiziya kanallarında bəzi təxribatçıların Azərbaycan xalqına, rəhbərliyinə yönəlik təhdidlər, xoşagəlməz çıxışları haqlı olaraq narazılıqla qarşılanıb. Azərbaycanın Baş Prokurorluğu tərəfindən, bütün “qırmızı xəttləri” keçmiş həmin şəxslərə qarşı cinayət işi qaldırılmış və beynəlxalq axtarışa verilmişdir. Efir qarşısında məsuliyyət hissini itirmiş "qəhrəmanlar" bundan sonra ölkələrini tərk etməzdən əvvəl, təhlükəsizlikləri barədə xeyli götür-qoy etməli olacaqlar".

Bunları Newscenter-az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev son günlər Rusiyanın bir sıra media resurslarında Azərbaycan əleyhinə aparılan kampaniyanı şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub:

"2022-ci ildə strateji müttəfiqlik haqqında müqavilə imzalanmışdır. Strateji müttəfiqlik müqaviləsi imzalanmış ölkə ilə belə davranışlar isə, qətiyyən qəbul edilməzdir".

Nəsib Məhəməliyev bildirib ki, Rusiya siyasi dairələrində hər zaman Azərbaycanla münasibətlərin pisləşməsində maraqlı qüvvələr olub, var, gələcəkdə də olacaq:

"Mənə elə gəlir ki, təxribatların arxasında da, həmin qüvvələr durur. Rusiyanın düşdüyü hazırki vəziyyətdə Azərbaycanla, Qazaxıstan və digər ölkələrlə, onsuz da hamar olmayan münasibətlərin daha da korlanması, qətiyyən sərf eləmir. Beş illik müharibə üzündən iqtisadi cəhətdən tükənmiş, Ukrayna ilə bacarmayan bir dövlət üçün əlavə düşmənlərin qazanılması, sadəcə ağılsızlıqdır. Rusiya hakimiyyəti belə təxribatçılara qarşı təsirli addımlar atmalıdır. Uzun illər ərzində federal kanallar vasitəsilə digər xalqlara qarşı alçaldıcı, təhqiramiz ifadələr işlədən, böhtanlar yağdıran "siyasi təlxəklər"in davranışlarına Rusiya nəzarət etməlidir".

Süleyman
Xəbəri paylaş