
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri bölgədə yaranmış yeni reallıqların beynəlxalq nümayəndələr tərəfindən yerində müşahidə edilməsi baxımından əhəmiyyətlidir. Artıq 22-ci dəfə keçirilən bu səfərdə müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən çoxsaylı diplomatların iştirakı Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq prosesinə beynəlxalq marağın davam etdiyini göstərir. Diplomatların gördükləri yalnız keçmiş münaqişənin nəticələri deyil, eyni zamanda bu gün qurulan yeni həyat, yaradılan infrastruktur və insanların öz doğma torpaqlarına qayıdışı prosesidir.
Bu baxımdan səfərin Ermənistanın bəzi siyasi və ictimai dairələrində doğurduğu kəskin reaksiyalar təəccüb və təəssüf doğurur. Azərbaycan ərazisində diplomatik nümayəndələrin səfərinin mübahisələndirilməsi ilk növbədə ölkəmizin suveren hüquqlarına münasibət məsələsidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və Qarabağda həyata keçirilən bütün proseslər ölkənin qanunvericiliyi əsasında aparılır. Azərbaycanın ərazisinə səfər edən xarici diplomatların fəaliyyətinin Ermənistan daxilində siyasi təzyiq və kampaniya predmetinə çevrilməsi isə regionda qarşılıqlı hörmət və etimadın formalaşdırılması baxımından konstruktiv yanaşma hesab oluna bilməz.
Bu gün Ermənistan parlamenti sədrinin sərgilədiyi möqey və parlamentin spikeri Ruben Rubinyanın verdiyi açıqlamalar tamamilə yolverilməzdir. Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə xarakteri daşıyan bu addımlar qəbuledilməzdir. Sentyabrın 14-də Ermənistan qanunverici orqanında 2022-ci il 12-13 sentyabr tarixlərində sərhəddə baş vermiş döyüşlərdə həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü də məhz bu qəbildəndir. Nəzərə almaq lazımdır ki, həmin hərbi təxribatları törədən tərəf məhz Ermənistan olmuş, Azərbaycan isə yalnız cavab tədbirləri görmək məcburiyyətində qalmışdır. Dolayısı ilə, belə addımların atılması regionda revanşist əhval-ruhiyyənin körüklənməsinə xidmət edən növbəti təxribatdır.
Cərəyan edən bu proseslər rəsmi İrəvanın sülh gündəliyinə münasibətdə qeyri-səmimi olduğunu aydın şəkildə üzə çıxarır. Reallıq budur ki, Ermənistan müharibədə uğradığı məğlubiyyətin nəticəsi olaraq sülhə məcbur edilib. Xüsusilə 2023-cü il hadisələrindən sonra Paşinyan iqtidarının sülh prosesini qəbul etməkdən başqa hər hansı alternativi qalmamışdır. Buna baxmayaraq, son dövrlər Ermənistan rəhbərliyinin yönəltməsi ilə səsləndirilən bəyanatlar və aparılan informasiya hücumları mütəşəkkil kampaniya təsiri bağışlayır və İrəvanın sülh danışıqlarını qəsdən pozmaq niyyətində olduğunu göstərir.
Səfərlə bağlı müzakirələrdə tarixi və dini abidələrin mənsubiyyəti məsələsinin də önə çəkilməsi diqqət çəkir. Gəncəsər və Xudavəng kimi abidələrin tarixi ilə bağlı müxtəlif yanaşmaların mövcudluğu belə məsələlərin siyasi şüarlar üzərindən deyil, elmi mənbələr və tarixi faktlar əsasında araşdırılmasını zəruri edir. Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət və mədəniyyət ənənəsi olması ilə bağlı çoxsaylı araşdırmalar mövcuddur. Eyni zamanda, Azərbaycan xalqının indiki Ermənistan ərazisində yaratdığı tarixi-mədəni irsin taleyi də diqqətdən kənarda qala bilməz. Məscidlər, qəbiristanlıqlar, yaşayış məntəqələri və digər mədəni irs nümunələri ilə bağlı məsələlərin obyektiv şəkildə araşdırılması və qorunması beynəlxalq irs prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır.
Lakin müşahidələr göstərir ki, Ermənistan soydaşlarımızın əsrlər boyu öz ata-baba torpaqlarında yaşayaraq zəngin mədəniyyət formalaşdırması həqiqətini hərtərəfli şəkildə dana bilmək üçün cəhdlər edir. Tarixi faktları yenidən yazmaq və regionun mədəni mənzərəsini saxtalaşdırmaq məqsədilə Qərbi Azərbaycanda xalqımıza məxsus minillik tarixi abidələr, ibadətgahlar, məscidlər və qəbiristanlıqlar məqsədyönlü şəkildə dağıdılmışdır. Ermənistanın bu cür destruktiv, dözümsüzlük və irqçilik nümayiş etdirən addımları, Azərbaycan mədəniyyətinin izlərini silmək cəhdləri beynəlxalq hüquq normalarının, xüsusilə 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının açıq-aşkar tapdalanmasıdır.
Burada əsas problem tarixi irsin siyasi qarşıdurmanın alətinə çevrilməsidir. Bir tərəfdən Azərbaycandan tarixi abidələrin qorunması tələb edilir, digər tərəfdən isə indiki Ermənistan ərazisində Azərbaycan xalqının çoxəsrlik mövcudluğu və həmin ərazilərdə formalaşdırdığı mədəni irs barədə məsələlərə eyni həssaslıqla yanaşılmır. Tarixə seçici münasibət uzunmüddətli perspektivdə heç bir tərəfə fayda vermir. Azərbaycan öz ərazisində yerləşən müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına məsuliyyətlə yanaşdığını nümayiş etdirir və eyni prinsipin regiondakı bütün tarixi irsə münasibətdə tətbiq olunmasını vacib hesab edir.
Nəhayət, bütün bu məsələlərə sülh prosesinin kontekstindən yanaşmaq lazımdır. Sülh yalnız sənədlərin imzalanması ilə deyil, qarşı tərəfin suverenliyinə hörmət, mövcud reallıqların qəbul edilməsi və revanşist ritorikadan uzaq durulması ilə möhkəmlənə bilər. Ermənistan daxilində ayrı-ayrı siyasi və ictimai dairələrin Qarabağla bağlı əvvəlki yanaşmaları davam etdirməsi bu baxımdan diqqətdən kənarda qalmamalıdır. Əgər regionda həqiqətən davamlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılması istənilirsə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq prosesinə və xarici diplomatların bu proseslə yerində tanış olmasına normal münasibət göstərilməlidir. Bu gün həmin ərazilərdə baş verən əsas proses münaqişənin davam etdirilməsi deyil, dağıdılmış ərazilərin bərpası, həyatın yenidən qurulması və gələcəyə hesablanmış inkişafdır.
İmamverdi İsmayılov,
Milli Məclisin deputatı












































