
Təkcə Qafqazın deyil, eyni zamanda Türk və İslam dünyasının kəsişməsində yerləşən Azərbaycan fərqli dinləri və mədəniyyətləri özündə birləşdirən nümunəvi dövlət kimi dünyada tanınmaqdadır. Müntəzəm olaraq ölkəmizin dinlər və mədəniyyətarası dialoqlara, konfrans və forumlara evsahibliyi etməsi bu arqumenti daha da təsdiqləmiş olur. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının keçirilməsi məhz bu qəbildən idi.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçısı olan dini liderləri qəbul edib. Dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də toplatı iştirakçıları ilə keçirdiyi görüşdə təkcə regionumuz deyil, eyni zamanda Türk dünyası, daha geniş mənada Müsəlman aləmi və dünya ictimaiyyəti üçün vacib mesajları ilə diqqət çəkib. Azərbaycan Liderinin çıxışından əldə olunan qənaət və ortaya çıxan ümumi fikirlər ondan ibarət idi ki, sülh, həmrəylik prinsiplərinin əsas ana xətt təşkil etdiyi İslam aləmində bu gün birliyə, bərabərliyə daha çox ehtiyac var. Çünki qlobal anlamda İslam dininə qarşı basqı, islamafobiya, dini radikalizm və ekstremizm cəhdləri müşahidə edilir. Bunun qarşısının alınmasının yeganə yolu isə birlik və həmrəylikdir. Azərbaycan isə bu sırada hər zaman öndə olub. Ölkəmiz İslam birlik və həmrəyliyini yalnız sözdə deyil, həmçinin əməldə də ortaya qoyub. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində tədbirlərin keçirilməsi, 2017-ci ildə ölkəmizin İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi ən bariz nümunələrdəndir. 2027-ci ildə isə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Prezient İlham Əliyev həmin tədbirə qədər müsəlman ölkələri arasında qarşıdurmaların və anlaşılmazlıqların azalmasını arzuladığını, Azərbaycanın isə müsəlman dünyasının vahid ailə kimi yaxınlaşmasına töhfə verməyə çalışacağını bildirdi.
Nəzərə alsaq ki, Türk coğrafiyasına daxil olan ölkələr, konkret olaraq Türk Dövlətləri Təşkilatının üzvləri də eyni dini bölüşür, eyni dinə qulluq edir, bu baxımdan TDT-nin də İslam aləmində birlik və həmrəyliyin qorunması, sülhün təşviqində rolu danılmazdır. Eyni dinə, oxşar mədəniyyət və ənənələrə malik ölkələr, daha geniş mənada Türk dünyası, Qafqaz regionu və İslam aləmi arasında əlaqələndirici platforma rolu isə Azərbaycan oynaya bilir. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. Bu platformada fəaliyyət isə yalnız dini sahə ilə məhdudlaşmır. Bura dini diplomatiya, mədəni irs, türk dünyasının inteqrasiyası, İslam həmrəyliyi və regional əməkdaşlıq da daxildir. Görüşdə TDT üzv dövlətləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan dini nümayəndələrin də iştirak etməsi Azərbaycanın təqdim etdiyi platformanın daha geniş coğrafiyanı əhatə etdiyini göstərir.
Azərbaycan Prezidentinin çıxışının böyük hissəsi hər zamankı kimi tarixi-mədəni abidələrin dağıdılması, xüsusilə bu cür vandalizmin işğal dövründə ermənilər tərəfindən Qarabağda həyata keçirildiyinə yönəlmişdi. Həm qeyd edilən görüş, həm də indiyə qədər baş tutan müxtəlif formatlı toplatılarda həmin faktların dövlət başçısı tərəfindən diqqətə çatdırılmasının əhəmiyyəti kifayə qədər böyükdür. Bununla TDT, İslam dünyası, həmçinin dünya ictimaiyyəti işğal dövründə Qarabağda tarixi dini abidələrin dağıdılması faktı ilə bir daha tanış olmur olurlar. Xüsusilə məscidlərin dağıdılması məsələsinin dövlət başçısı tərəfindən vurğulanması dini auditoriyaya yönəlmiş mühüm mesajdır. Əliyev Qarabağda 65 məscidin dağıdıldığını bildirərək bunu yalnız Azərbaycanın dini-mədəni irsinə deyil, daha geniş mənada İslam dünyasına toxunan məsələ kimi təqdim etdi. Prezident hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesindən danışaraq dağıntıdan quruculuq, dirçəlişə keçidi göstərmiş oldu. Dövlət başçısının qeyd etdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən çox insan yaşayır. Azərbaycan Prezidenti gələcəyə baxmaq, qurub-yaratmaqla paralel olaraq keçmişi unutnanağı da xüsusi olaraq vurğuladı və bildirdi ki, Xocalı, dağıdılmış məscidlər və işğal dövründə baş vermiş vandalizm hadisələri heç vaxt unudulmayacaq. Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etsə və yekun sülh razılaşması istiqamətində addımlar atılsa da, lakin tarix unudulmamalıdır.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı












































