Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişiklik ediləcək

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna dəyişiklik ediləcək


Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov komitə üzvlərinə qarşıdakı sessiyada uğurlar arzulayıb.

Newscenter.az-ın xəbərinə görə, komitə sədri bildirib ki, iclasın gündəliyinə 3 məsələ - 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı il payız sessiyası üçün iş planının layihəsi və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Bildirilib ki, 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsinin 5 iclası keçirilib, hesabat dövrü ərzində komitə üzvləri yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə aktiv iştirak etmişlər. Məlumat verilib ki, ötən sessiya dövründə ümumilikdə komitəyə vətəndaşlardan 1359 müraciət daxil olub, onlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Komitə sədri bildirib ki, seçicilərlə görüşlər keçirilib, onların müraciətləri dinlənilib və zəruri izahatlar verilib.

Sonra komitə sədri Regional məsələlər komitəsinin qarşıdakı payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, iş planında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, komitənin profilinə uyğun müzakirələrin təşkili və digər məsələlər öz əksini tapıb.

Gündəlikdə üçüncü məsələ - “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri deyib ki, layihəyə əsasən, Quba rayonunun Timiryazev-Alekseyevka bələdiyyəsinin Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.

Müzakirədə komitə üzvləri Aydın Mirzəzadə, Elşən Musayev, Arzuxan Əli-zadə, Tahir Rzayev, Məzahir Əfəndiyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər.

İclasda komitənin ötən sessiyada görülmüş işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib və gündəlikdəki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Tədbirdə komitə sədrinin müavini Nurlan Həsənov, deputatlar Səttar Möhbalıyev, Vasif Qafarov və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Xəbəri paylaş