
18-20 sentyabrda Bakıda XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarları Qurultayı keçiriləcək.
Newscenter.az xəbər verir ki, qurultay Birinci Türkoloji Qurultayının 100 illiyinə, Nizami Gəncəvinin 885 illiyinə və Əlişir Nəvainin 585 illiyinə həsr olunub. Qurultayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistanın musiqi dünyasının tanınmış nümayəndələri iştirak edəcəklər.
Qurultayın zəngin proqramı müxtəlif görüşləri, elmi müzakirələri və musiqi tədbirlərini əhatə edəcək. Üç gün ərzində bir sıra iclaslar, beynəlxalq səviyyəli dəyirmi masa, tematik sərgilər, həmçinin simfonik, kamera və ənənəvi musiqi konsertləri keçiriləcək. Qurultayın əsas nəticələrindən biri türk dünyasının bəstəkarlarını, musiqişünaslarını, ifaçılarını və aparıcı musiqi təşkilatlarının nümayəndələrini bir araya gətirəcək Türk Dünyası Bəstəkarlar Birliyinin – Turkic Union of Composers (TUC) yaradılması olacaq.
19 sentyabr tarixində Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında Türk Dünyası Bəstəkarlar Birliyinin ilk rəsmi iclası keçiriləcək. İclas çərçivəsində TUC-un yaradılması haqqında Bakı Bəyannaməsinin imzalanması, həmçinin yeni beynəlxalq peşəkar platformanın Nizamnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Birliyin yaradılması türk dünyası ölkələrinin musiqi quruluşları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.
Ümumi musiqi irsinin qorunması və inkişaf etdirilməsi, müasir bəstəkarlıq məktəblərinin dəstəklənməsi, yaradıcılıq mübadiləsinin təşviqi və türk dünyası musiqisinin beynəlxalq səhnədə təbliği xüsusi diqqət mərkəzində olacaq. 19 sentyabr 2026-cı il tarixində saat 16:00-da Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında I Türk Dünyası Bəstəkarları Qurultayının yekunlarına, Turkic Union of Composers (TUC) təşkilatının yaradılmasına, Bakı Bəyannaməsinin imzalanmasına və yeni peşəkar birliyin fəaliyyət perspektivlərinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Süleyman












































