
Ermənistan hakimiyyəti və cəmiyyətinin sözü ilə əməli hər zaman bir-birinə ziddiyyət təşkil edib. Qarabağ münaqişəsi mövcud olduğu illərdə sülh danışıqlarına sadiq olduqları görüntüsü yaradaraq paralel şəkildə silahlanmaya üstünlük verib yeni ərazilər zəbt etməyə çalışan qonşularımız, münaqişə başa çatdıqdan sonra da ənənəvi oyunlarını davam etdirərək sülh müqaviləsinə hazırlıq adı altında revanşizmə meyilli görünürlər. Hər halda Azərbaycanda akkreditə olunmuş xarici ölkə diplomatlarının bu günlərdə Qarabağ və Şərqi Zəngəzura baş tutan səfərinə Ermənistan hakimiyyəti və cəmiyyəti tərəfindən sərgilənən qeyri-konstruktiv mövqeyə başqa bir ad verməyin mümkünsüzlüyü belə qənaət formalaşdırır.
Nəzərə alsaq ki, sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin səfəri başqa bir dövlətin deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə, Qarabağ və Şərqi Zəngəzura baş tutub, o halda Ermənistanın bəzi siyasi və media dairələrinin əsassız narazılığını heç cür başa düşmək mümkün olmur. Diplomatların səfəri fonunda İrəvandan səslənən əsassız fikirlər, açıqlamalardan gəlinən qənaət yalnız ondan ibarətdir ki, Ermənistanın müəyyən dairələri Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etməkdə hələ də ciddi çətinlik çəkirlər.
Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfər təşkil etmək Azərbaycan dövlətinin suveren hüququdur. Bu səfərə görə diplomatların, onların təmsil etdiyi dövlətlərin və təşkilatların hədəfə alınması isə birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Təsadüfi deyil ki, “Peace Bridge” təşəbbüsünün Azərbaycan qrupu da diplomatlara qarşı düşmən ritorikanı narahatlıq doğuran hal kimi qiymətləndirərək bunun Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaq öhdəliyi ilə ziddiyyət təşkil etdiyini bildirib. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nümayəndəsinin iştirakı həmin dövlətlər və təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması faktını, eyni zamanda Bakının regionda yaratdığı yeni reallıqları qəbul etdikləri faktını bir daha ortaya qoymuş olur. Ancaq təəssüflər olsun ki, Ermənistanın bəzi dairələri, eyni zamanda Ermənistan hakimiyyəti ənənəvi olaraq axına qarşı gedərək bütün dünyanın qəbul etdiyi bu reallıqla barışmaqda çətinlik çəkir. Bu situasiya öz-özlüyündə revanşizmin əlamətlərini sərgiləmiş olur. Ermənistanda revanşist qüvvələrin mövcud olduğu bizə məlumdur. Əsasən erməni müxalifəti revanşist mövqedən çıxış edir. Lakin son proseslər göstərdi ki, Ermənistan hakimiyyətində də revanşizmə meyilli siyasilər var. Hər halda Ermənistan parlamentinin sədri parlamentin sədri Ruben Rubinyanın diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı səsləndirdiyi qəbuledilməz fikirlər onu deməyə əsas verir ki, bu kampaniyanın arxasında məhz Ermənistan hakimiyyətinin özü dayanır. Belə ki, bir çox paylaşımlar və yazılar məhz hakim partiyaya yaxın media resurslarda işıq üzü görür.
Bütün bunlar ortaya maraqlı suallar çıxarır. Ən birinci sual ondan ibarətdir ki, əgər İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir və Bakı ilə sülh müqaviləsi imzalamağa çalışdığını deyirsə, onda Azərbaycanın öz ərazisində diplomatik səfər təşkil etməsini niyə etirazla qarşılayır? Məsələyə bu cür yanaşma məntiqlə onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin Kosntitusiyada dəyişiklik ediləcəyi ilə bağlı fikirləri də səmimi deyil, blefdir. Əks halda İrəvan Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərərək suveren ərazilərinə hər hansı səfər təşkil etməsini bu cür kəskin reaksiya ilə qarşılamazdı.
İkinci haqlı sual ondan ibarətdir ki, Ermənistan Gəncəsər və Xudavəngi erməni irsi kimi təqdim edə bildiyi halda, Azərbaycan öz ətrazisindəki tarixi-mədəni irsinin mövcudluğunu inkar etməlidir? Ermənilərin məntiqinə, reallıqda isə məntiqsizliyinə görə, guya Azərbaycan ərazisində tarixən ermənilər yaşayıb, lakin müasir Ermənistan ərazisində azərbaycanlılar yaşamayıb. Bu, açıq anlamda rasizim deməkdir. Bu mənada Ermənistanın, Qafqaz Albaniyası irsinə olan reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Çünki Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə də məlumdur. Bunun Ermənistan dövləti və cəmiyyəti tərəfindən inkar edilmıəsi isə, faktiki olaraq irqçilikdir.
Nəhayət, diplomatik korpus nümayəndələrinin səfərinə Ermənistan tərəfindən sərgilənən haqsız mövqe sülhə xidmət etmir, əksinə bu günə qədər gəlinən yola maneçilik cəhdidir ki, bu da prosesə ciddi zərbə vura bilər. Ona görə də Ermənistan hakimiyyəti və cəmiyyətinin qarşısında bu gün konkret seçim var. Ya Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul edib sülh və əməkdaşlıq istiqamətində irəliləmək, ya da keçmiş münaqişənin siyasi ritorikasını müxtəlif formalarda yenidən dövriyyəyə buraxmaq. Əgər Ermənistan ikincini seçəcəksə, o halda uduzan yenə İrəvan və erməni cəmiyyəti olacaq
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı












































