
Azərbaycan Demokaik Respublikasının ilhaqından sonra, rus imperiyasının tərkibində olanda da Azərbaycanda islami dəyərlər böyük məsuliyyətlə yaşadıldı və yaşadılmaqdadır. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra imperiyanın islami dəyərlər üzərində hökmranlığı da sona yetdi. Azərbaycan tolerant bir dövlət kimi müxtəlif dinlərin azad fəaliyyətini təmin edir, dinlər arasında istənilən səviyyədə ayrı-seçkilik dövlətin qanunları ilə qadağan olunub. Birinci Qarabağ müharibəsində Ermənistan dövlətinin iradəsinin icraçısı olan Ermənistanın ordu hissələri Azərbaycanda islami dəyərlərin tarixi ünvanlarına qarşı da müqayisəyəgəlməz vəhşiliklər törətmişdi, digər mədəniyyət abidələri ilə bir sırada məscidləri də dağıtmışdı, dağıtmadıqları bir-neçə məsciddən xristian dininə xidmət kimi istifadə edirdi. Müharibə Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Dağıdılmış məscidlər də bərpa olunur...
İkinci Qarabağ müharibəsindən sonra Bakıda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Müxtəlif missiyalı bu tədbirlər həm də Azərbaycanın dünya dövlətləri ilə münasibətləri sistemində əhəmiyyətli olur.
Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı da belə tədbirlərdən oldu. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında XV əsrdə yaşayıb-yaratmış böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın böyük mənası olduğunu, öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr etdiyimizi, onlardan birinin də Yəhya Bakuvi olduğunu xatırlatdı. Dövlət başçımız paytaxtı Qəbələ şəhəri olan qədim Qafqaz Albaniyasının məhz bizim ərazilərimizdə yarandığını, fəaliyyət göstərdiyini, Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsinin Azərbaycan olduğunu xatırladaraq qeyd etdi ki, Azərbaycanda hər zaman islam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirmişik, bundan sonra da belə olacaq.
Azərbaycanda həm türkdilli dövlətlərin, həm də İslam Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlərin bu və ya digər missiyalı tədbirləri böyük məsuliyyətlə və əməkdaşlığa böyük sədaqətlə keçirilir. Hər tədbir bu dövlətlər arasında münasiətlərin daha da yaxşılaşmasında əhəmiyyətli olur. Çıxışında Bakıda gözlənilən tədbirlərdən də söz açan dövlət başçımız dedi: “Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik. Ona görə hesab edirəm ki, sizin Bakıda olmağınız və bir yerdə tədbirlərdə iştirakınız, yenə də deyirəm, həm bölgəmizə, həm dünyaya çox ciddi və birmənalı mesajlar verəcəkdir”.
İştirakçıların Qarabağa da gedəcəklərinə, Ağdam, Xankəndi, Xocalı, Şuşa şəhərlərində olacaqlarına əmin olduğunu da bildirən Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev Birinci Qarabağ müharibəsində Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimizin yerlə-yeksan edildiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, bir milyona yaxın azərbaycanlının Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salındığını da xatırladaraq İkinci Qarabağ müharibəsindən danışdı, dövlət başçımızın qürurla dediklərini iştirakçılar səmimi qürurla dinlədi: “Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”.
İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərindən söz açan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbir iştirakçılarına bildirdi ki, biz birinci olaraq bərpa işlərini məscidlərdən başladıq və bu gün bu proses davam etdirilir. Dövlət başçımız sonra tədbirin mahiyyəti ilə səsləşən bir informasiyanı da çatdırdı: “Ağdam məscidi tarixi bir məsciddir və hamımız yaxşı bilirik ki, işğal dövründə hələ ki, Ağdam işğal olunmamışdı, bizim şəhid olmuş soydaşlarımızın dini tədbirləri, mərasimləri orada keçirilirdi. O cümlədən Xocalı qurbanlarının da bütün mərasimləri orada keçirilmişdi. Onu da bildirməliyəm ki, biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscidi olmuşdur. Bu günədək artıq 12 məscid, - hansılar ki, ya tamamilə dağıdılmışdı, ya da ki, yarı dağıdılmışdır, - bərpa edilib, yenidən qurulub və bu proses davam etdirilir. O cümlədən siz Şuşada yeni inşa edilən məscidin tikintisi ilə də tanış olacaqsınız”.
Bizim birliyimizin hər birimizi gücləndirəcəyinə əminliyini bildirən dövlət başçımız təəssüflə bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə getdiyini, islamofobiyanın onun kiçik bir tərkib hissəsi olduğunu da bildirdi.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın çox böyük məna daşıdığını da xatırladan dövlət başçımız həm də qeyd etdi ki, “...Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik. Ona görə mən bir daha sizə təşəkkürümü bildirirəm ki, sizin bizə verdiyiniz o mükafat həm ictimai fikirdə, həm ondan sonra siyasi addımların atılmasında və sülhü artıq geridönməz etməsində çox böyük rol oynadı...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edəndə çıxışı həm Azərbaycan gerçəklikləri haqqında informativ bilgilər kimi, həm də Azərbaycanın bu təşkilatla əməkdaşlığının perspektivləri haqqında zəmanət kimi tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı












































