Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkmənistanla Azərbaycanın sıx təmaslar qurması zamanın tələbidir

Türkmənistanla Azərbaycanın sıx təmaslar qurması zamanın tələbidir


"Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana bu dəfəki səfəri, ölkələrimiz arasında etimad mühitinin formalaşdırılmasına, münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan və Türkmənistan Türk Dünyasının önəmli dövlətləridir və coğrafi baxımdan körpü rolunu oynayırlar:

"Etiraf etmək lazımdır ki, bəlli subyektiv səbəblərdən Türkmənistan həm Türk dünyasında, həm də Azərbaycanla ikitərəfli münasibətlərdə məsafəli siyasət aparmışdır. Ümumi proseslərdən kənarda qalmış, müəyyən dövrlərdə əsassız iddialarla çıxış etmişdir".

Nəsib Məhəməliyev qeyd edib ki, Türkmənistan geniş təbii sərvətlərə, əlverişli coğrafiyaya, iqlimə malik ölkədir:

"Azərbaycanla Türkmənistan mövcud potensialı, siyasi, iqtisadi, mədəni əlaqələri indikindən qat-qat daha üstün səviyyəyə çatdırılmasına imkan verir. Hesab edirəm ki, bu potensialdan səmərəli istifadə edilməsi, xalqlarımızın rifahının yaxşılaşmasını, dövlətlərimizin güclənməsini şərtləndirəcəkdir".

Millət vəkili onu da vurğulayıb ki, Qurbanqulu Berdiməhəmmədovdan savayı bütün Türk cümhuriyyətlərinin liderləri Qarabağda olmuşdular:

"Onun işğaldan azad olunmuş torpaqlara baş çəkməsi, ölkə başçımızla səmimi görüşləri, erməni vandallıqlarını, qısa zaman kəsiyində aparılan quruculuq işlərini görməsi, Qarabağın tarixi, mədəniyyəti ilə tanış olması, olduqca müsbət haldır. Heç kim üçün sirr deyil ki, 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı reallıqlarla nəinki region ölkələri, eyni zamanda dünya gücləri də hesablaşmaq məcburiyyətindədirlər. Dünya erməniliyi və onlara yüz ildən bəri himayədarlıq edənlərin üzərindəki qələbə, Azərbaycanın, onun liderinin beynəlxalq miqyasda nüfuzunu artırmış, dost ölkələrdə özünə inam hissini artırmışdır. Yeni dünya nizamında, özünə qapanmaq, beynəlxalq aləmdən təcrid olunma siyasəti qəbul olunmur. Hətta, deyərdim ki, təhlükəlidir. Suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün, mütləq şəkildə ümumi dəyərləri, tarixi, mədəniyyəti bölüşdüyün, dostluğa, qardaşlığa söykənən strateji tərəfdarların olmalıdır. Ətrafında təhlükəsizlik kəməri formalaşdırmalısan. Düşünürəm ki, Türkmənistan hakimiyyəti, Azərbaycanın dünyadakı rolunu qiymətləndirir və ikitərəfli münasibətlərdən faydalanacağını bilir".

Nəsib Məhəməliyev, "Prezident İlham Əliyevin həmkarına at bağışlamasının rəmzi mənası, yeni münasibətlərdən xəbər verir. Türkmənistanla Azərbaycanın sıx təmaslar qurması, əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə qaldırılması, xalqlarımızın bir yerdə olması, zamanın tələbidir. Qarabağda əsası qoyulmuş münasibətlər, ikitərəfli əlaqələrlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də özünü göstərəcəkdir",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş