
Sentyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Arzu Nağıyev komitə üzvlərinə bu sessiyadakı fəaliyyətlərində uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil olunduğunu bildirib.
Newscenter.az xəbər verir ki, komitə sədri, ilk növbədə, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin fəaliyyəti barədə məlumat verib. O, söyləyib ki, sessiya dövründə komitənin 11 iclası keçirilib, ümumilikdə 27 məsələyə baxılıb və 11 qanun layihəsi müzakirə olunub.
Bildirilib ki, 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitəyə vətəndaşlardan, idarə və təşkilatlardan ümumilikdə 351 ərizə daxil olub. Onlardan 283-ü müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib, digər müraciətlər isə komitədə araşdırılıb və qanunvericilik təşəbbüslərinin hazırlanmasında nəzərə alınıb.
Daha sonra Arzu Nağıyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2025-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, sessiya dövründə qanunvericilik təşəbbüsü əsasında təqdim olunmuş qanun layihələrinin müzakirəsinin aparılması, komitənin səlahiyyət dairəsinə daxil olan mövzular üzrə dinləmələr təşkil olunması, bununla yanaşı, aidiyyəti qurumlardan daxil olan təkliflərin araşdırılması, vətəndaş müraciətlərinə baxılması nəzərdə tutulur.
Komitə sədri daha sonra “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Arzu Nağıyev diqqətə çatdırıb ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq, daxili qoşunların fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Sənəddə daxili qoşunların vəzifə və səlahiyyətləri, idarə olunma prinsipləri, həmçinin ölkənin konstitusiya quruluşunun, suverenliyinin, ictimai asayiş və təhlükəsizliyinin qorunmasındakı rolu əksini tapıb. Bildirilib ki, təklif olunan yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir.
Müzakirələr zamanı komitə sədrinin müavini Qüdrət Həsənquliyev, üzvləri Qaya Məmmədov, Gülşən Paşayeva, Samir Vəliyev çıxış ediblər, təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.
İclasda Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi Fazil Quliyev çıxış edərək sualları cavablandırıblar, təkliflərlə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin sonunda komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Səbinə Salmanova, Rizvan Nəbiyev, Erkin Qədirli, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman