
Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” texniki yardım layihəsinin icrasına başlanılıb. AİB-nin Təmiz Enerji Fondu və Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin dəyəri 1,1 milyon ABŞ dolları təşkil edir.
Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi istilik təchizatı sahəsində Milli Strategiyanın və “İstilik təchizatı haqqında” Qanunun icrasından irəli gələn normativ hüquqi sənədlərin layihələrinin hazırlanması, istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə sistemlərinin enerji səmərəliliyinin artırılması, tarif siyasətinin optimallaşdırılması, pilot layihə vasitəsilə bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi, “Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasının hazırlanmasını əhatə edir.
Texniki yardım layihəsinin icrası məqsədilə məsləhətçinin cəlb edilməsi üçün AİB tərəfindən aparılmış seçim prosesi avqust ayında yekunlaşıb və “NİRAS” (Danimarka), "Integration Environment & Energy GMBH" (Almaniya) və "ENERGAZER" MMC (Azərbaycan) şirkətlərindən ibarət birgə müəssisə məsləhətçi kimi seçilib. Layihə çərçivəsində nəzərdə tutulan xidmətlərin 2027-ci ilin mart ayınadək tamamlanacağı planlaşdırılır.
Qeyd edək ki, layihənin icrası müddətində müvafiq texniki və təşkilatı dəstəyin göstərilməsi Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçiriləcək.
Süleyman