
Mərkəzi Asiyanın mühüm dövlətləri olan Azərbaycan və Türkmənistan arasında əlaqələrin inkişafı müstəqillik illərindən sonra yeni bir mərhələyə qədəm qoyub. Yüksəksəviyyəli qarşılıqlı səfərlər, müxtəlif istiqamətlərdə inkişaf edən sahələr Bakı ilə Aşqabadı təkcə qarşılıqlı faydalı əməkdaşlıq edən ölkələr deyil, strateji tərərdaş səviyyəsinə gətirib.
Son illərdə türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi fonunda Bakı ilə Aşqabad arasındakı əlaqələr yeni məzmun qazanıb desək yanılmarıq. Bu baxımdan Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Azərbaycana səfəri türk dünyasında həmrəyliyin gücləndirilməsi, iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm hadisə kimi qiymətləndirilə bilər.
Serdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə olaraq da xarakterizə edilir. Səfər siyasi dialoqun dərinləşməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə, nəqliyyat-logistika layihələrinin sürətlənməsinə və mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə güclü təkan verir.
Səfərin ən diqqət çəkən məqamlarından biri Türkmənistan Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfər etməsi oldu. Sərdar Berdiməhəmmədovun Füzulidə, Şuşada, ümumən azad Qarabağda olmasını təkcə Türkmənistan prezidentinin səfər protokoluna daxil edilən gəzintilər, görüşlər kimi xarakterizə etmək doğru yanaşma olmazdı. Berdiməhəmmədovun azad Qarabağda olmasının dərin siyasi, eyni zamanda rəmzi mənası var. Məna isə ondan ibarətdir ki, Aşqabad bununla bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirir. Məlumat üçün qeyd edək ki, Türkmənistanın bu mövqeyi hələ ötən il Məsləhət Məclisinin sədri Qurbanqulu
Berdiməhəmmədovun Azərbaycana səfəri də açıq şəkildə ifadə olunmuşdu. Berdiməhəmmədov Şuşada Azərbaycan Prezidenti ilə görüşərək Aşqabadın ölkəmizin ərazi bütövıüyünü və suverenliyinin tanıdığını sərgiləmişdi.
Türkmənistan Prezidentinin ötən gün Füzuli və Şuşadan verdiyi mesaj təkcə ərazi bütövlüyü deyil, eyni zamanda ərazi bütövlüyünün bərpasından sonra bu regionda həyata keçirilən regional və qlobal əhəmiyyətli logistika layihələrinə dəstək xarakteri daşıyırdı. Türkmənistan prezidenti bu səfərlə ölkəsi, Türk coğrafiyası, eləcə də dünyaya çatdırır ki, Qarabağ artıq müharibə deyil, inkişaf və yenidənqurma məkanıdır. Bu məkandan keçən nəqliyyat xətləri, xüsusilə Zəngəzur dəhlizi Türkmənistanın, ümumən Türk dünyasının maraqlarına xidmət edir. Bir sözlə Füzulidən verilən mesajlar ikitərəfli münasibətlərlə yanaşı, həm də daha geniş türk həmrəyliyinə yönəlmiş bir çağırışdır.
Türkmənistanın Azərbaycanla əlaqələrin müsbət dinamika ilə inkişafı Aşqabadın Türk Dövlətləri Təşkilatında aktiv oyunçuya çevriləcəyinə olan ümidləri də artırır. Bu ölkə TDT-nin müəyyən toplantı və zirvə görüşlərində iştirakçı olsa da, Türkmənistanın təşkilat daxilində daha aktiv fəaliyyət göstərməsi bütün üzv ölkələrin arzusu və maraq dairəsindədir. Hesab edirəm ki, zəngin təbii sərvətlərə malik Türkmənistan TDT-də daha fəal mövqe nümayiş etdirməsi təşkilatın gücünə əlavə güc qatmış olar və bundan bütün Türk dünyası faydalanar.
İlham İsmayılov,
ATXƏM sədri











































