Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın uğurlu media diplomatiyası

Azərbaycanın uğurlu media diplomatiyası



Bu gün Azərbaycan təkcə iqtisadi sahədə irəli sürdüyü təşəbbüsləri, reallaşdırdığı regional və qlobalı əhəmiyyətli enerji, logistika layihələri ilə diqqət çəkmir, eyni zamanda siyasi, mədəni, humanitar, ən əsası beynəlxalq sülhə və əməkdaşlığa fayda verə biləcək forumlar, toplantılar keçirməklə maraq kəsb edir. Xüsusilə vurğulamaq lazımdır ki, Bakının bu kimi təşəbbüsləri qlobal miqyasda dəstək qazanır, onun təşkil etdiyi müxtəlif istiqamətli forumlar, toplatılar beynəlxalq platformaya çevrilir. Necə ki, bu günlərdə Şuşada keçirilən IV Qlobal Media Forumu kimi. Sayca dördüncü dəfə keçirilən bu foruma marağın artması, iştirakçı dövlətlər və şəxslər arasında artım tendensiyasının müşahidə edilməsi deyilənləri təsdiqləyir. IV Şuşa Qlobal Media Forumunu əlamətdar edən məqamlardan başlıcası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı idi. Ənənəsinə sadiq qalaraq dövlət başçısı bu dəfə də forumun açılış mərasimində iştirak edərək iştirakçıların müxtəlif səpkili suallarını cavablandırdı, bir sıra mühüm məqamlara bir daha aydınlıq gətirdi.

Qlobal Media Forumunda çıxış edən Azərbaycan Prezidentinin əsas diqqət yetirdiyi məsələlərdən biri tədbirin adı və ruhuna uyğun olaraq Şuşadan verilən sülh mesajları oldu. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda Prezident İlham Əliyev bildirdi ki, hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir:

"Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir. Azərbaycan bu məsələdə yalnız sülh istəyir”.

Forum təkcə 44 günlük Vətən Müharibəsindən sonra azad Qarabağda həyata keçirilən quruculuq-abadlıq işlərinin, eləcə də işğal dövründəki erməni vandallığının beynəlxalq media vasitəsilə dünyaya çatdırılması baxımından əhəmiyyətli deyildi, həm də Türk dünyasının birlik və bərabərliyinə, həmrəyliyinə xidmət edən mesajlarla zəngin idi. Elə Prezident İlham Əliyevin forumun sual-cavab hissəsində dediyi kimi dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmaq mümkün deyil:

”Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, təhlükəsizliyin mühüm meyarıdır”.

Azərbaycanla Türkiyə təkcə qardaş və dost deyil, bu iki ölkə eyni zamanda müttəfiqdir. Çünki bu müttəfiqliyi həm də 5 il əvvəl Şuşada imzalanmış Şuşa Bəyannmaəsi özündə ehtiva edir. Ona görə də Cənab Prezidentin dediyi kimi Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir.

Forumu əhəmiyyətli edən digər bir məqam onun azad Qarabağda keçirilməsidir. Qlobal Media Forumunun 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad etdiyi şəhər və rayonlarda həyata keçirdiyi infrastruktur layihələri, şəhərsalma, Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm önəmi var. Forum iştirakçıları Azərbaycanın regionda yaratdığı yeni reallıqları öz gözləri ilə görərək bunu çalışdıqları media qurumları vasitəsilə həm yaşadıqları ölkələrin cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdıracaqlar ki, bu da ümumilikdə ölkəmizin təqdimatı baxımından müsbət addımdır. Nəzərə alsaq ki, Qlobal Media Forumu mədəniyyət ocağımız sayılan Şuşada keçirilir, bu həm də Qarabağın mədəni irsinin iştirakçılar tərəfindən öyrənilməsi deməkdir. Eyni zamanda, Şuşada belə nüfuzlu beynəlxalq tədbirin keçirilməsi şəhərin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Onu da qeyd etmək lazımdır ki, tarixi və mədəni əhəmiyyətə malik olan Şuşa son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu mənada müxtəlif formatlı tədbirlərdə iştirak edən nümayəndələrin şəhərlə yaxından tanış olması Azərbaycanın mədəni irsi və regionun inkişafı haqqında birbaşa məlumat əldə etmələrinə də imkan yaradır.

İlham İsmayılov,
ATXƏM sədri
Xəbəri paylaş