
"Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə olmaqla yanaşı, ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər zamanı dövlət başçılarının keçirdiyi görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən strateji yol xəritəsini formalaşdırdı".
Bunları Newscenter.az-a Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, ən mühüm nəticələrdən biri "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün Strateji Gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu:
"Bu sənəd ölkələrimiz arasında siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik, elm, texnologiya və innovasiya, həmçinin humanitar sahələr üzrə əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda, həmin gündəliyin həyata keçirilməsi məqsədilə işçi qruplarının yaradılması barədə əldə olunan razılıq göstərir ki, münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmayacaq, konkret layihələr və institusional mexanizmlər vasitəsilə inkişaf etdiriləcək.
Almaniya Avropa İttifaqının aparıcı iqtisadi və siyasi gücü, bir növ lokomotividir. Bu baxımdan Azərbaycan ilə Almaniya arasında münasibətlərin daha da möhkəmlənməsi ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da əlavə impuls verəcək. Azərbaycan artıq Avropa İttifaqına üzv olan ondan çox dövlətlə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Almaniya ilə Strateji Gündəliyin müəyyənləşdirilməsi isə Avropa ilə münasibətlərimizin daha yüksək səviyyəyə yüksəldiyini göstərir".
Deputat bildirib ki, səfər zamanı regional məsələlər də geniş müzakirə olundu:
"Almaniya Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqları, sülh gündəliyini və əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirir. Rəsmi Berlin regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinə dəstək verməyə hazır olduğunu bəyan edib. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun və həyata keçirdiyi xarici siyasətin uğurunun növbəti təsdiqidir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Orta Dəhlizin inkişaf etdirilməsi, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsi və ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində iştirak etməsi Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağına çevirib. Bu gün Almaniya da yaranmış bu imkanlardan istifadə etməkdə maraqlıdır. Orta Dəhliz Avropa üçün alternativ və etibarlı ticarət marşrutu hesab olunur və Almaniyanın bu layihələrdə iştirakı hər iki ölkənin iqtisadi maraqlarına xidmət edəcək".
Millət vəkilinin sözlərinə görə, səfərin mühüm nəticələrindən biri də Biznes Şurasının yaradılması barədə əldə olunan razılıqdır:
"Bu qurum dövlət və özəl sektor arasında əlaqələrin genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına və sahibkarlar arasında əməkdaşlığın güclənməsinə xidmət edəcək. Biznes Şurası qarşılıqlı investisiyaların artırılması, sənaye kooperasiyasının genişləndirilməsi və yeni istehsal sahələrinin yaradılması baxımından mühüm platforma olacaq.
Hazırda Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,5 milyard avronu ötür. Alman kapitalı ilə ölkəmizdə 200-dən çox müəssisə uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Almaniyaya ildə 1,5 milyard kubmetr təbii qaz ixrac etməyə başlayıb. Bununla yanaşı, ölkəmiz Almaniyaya neft, təbii qaz, yaşıl enerji və qeyri-neft məhsullarının ixracını artırmağı qarşıya məqsəd qoyub. Almaniya isə Azərbaycanın sənayeləşməsi, iqtisadiyyatın şaxələndirilməsi və yüksək texnologiyaların tətbiqi istiqamətində etibarlı tərəfdaş ola bilər".
Azər Badamov onu da vurğulayıb ki, xüsusilə rəqəmsal iqtisadiyyat, süni intellekt, sənaye texnologiyaları, peşə təhsili, innovasiya və "yaşıl iqtisadiyyat" sahələrində Almaniyanın böyük təcrübəsi mövcuddur:
"Bu sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi inkişaf strategiyasına mühüm töhfə verəcək. Alman texnologiyalarının və investisiyalarının cəlb olunması, müasir peşələrə yiyələnmiş insan kapitalının hazırlanması və birgə sənaye layihələrinin həyata keçirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafını sürətləndirəcək.
Azərbaycan həmçinin Avropaya yaşıl enerji ixrac edən əsas ölkələrdən birinə çevrilməyi qarşısına məqsəd qoyub. Xəzər dənizində və quruda mövcud olan böyük bərpa olunan enerji potensialı, həyata keçirilən külək və günəş enerjisi layihələri Almaniya ilə bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər açır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə də mühüm töhfə verəcək.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya etdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən mühüm siyasi hadisədir. İmzalanmış sənədlər, yaradılan yeni əməkdaşlıq mexanizmləri və əldə olunmuş razılaşmalar göstərir ki, qarşıdakı dövrdə siyasi dialoqla yanaşı, iqtisadi, enerji, nəqliyyat, investisiya, elm, texnologiya və humanitar sahələrdə əməkdaşlıq daha geniş miqyas alacaq. Münasibətlərimizin milli maraqlar, qarşılıqlı fayda və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsi isə həm Azərbaycan, həm də Almaniya üçün uzunmüddətli strateji tərəfdaşlığın möhkəm əsasını formalaşdıracaq".
Süleyman










































