
Azərbaycan ilə Almaniya arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf edərək strateji əhəmiyyət kəsb edən əməkdaşlıq müstəvisinə yüksəlib. Almaniya Azərbaycanın Avropada ən mühüm siyasi-iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, Avropa İttifaqının Şərq siyasətinin formalaşmasında xüsusi rol oynayan dövlətlərdəndir. Polşa və İsveç tərəfindən irəli sürülmüş "Şərq Tərəfdaşlığı" təşəbbüsünün fəal dəstəkçilərindən olan Almaniya Azərbaycanla siyasi dialoqun, iqtisadi əlaqələrin və parlamentlərarası əməkdaşlığın genişlənməsinə daim önəm verir.
Məhz bu əməkdaşlığın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il iyulun 21-də Almaniyaya işgüzar səfəri ikitərəfli münasibətlərə yeni təkan verdi. Dövlət başçısı bəyanatında Azərbaycanda 200-dən artıq Almaniya şirkətinin uğurla fəaliyyət göstərdiyini, yeni əməkdaşlıq imkanlarının isə bu sayın daha da artmasına şərait yaradacağını vurğuladı. O, qarşılıqlı investisiyaların genişləndirilməsi və alman şirkətlərinin ölkəmizdə fəaliyyətinin təşviq edilməsinin əsas prioritetlərdən olduğunu bildirdi. Prezident həmçinin qeyd etdi ki, bu ildən etibarən Azərbaycan təbii qazı Almaniyaya ixrac olunur və bununla ölkəmizin qazı artıq Avropa İttifaqına üzv 10 dövlətə çatdırılır.
Həmçinin dövlət başçısı çıxışında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində atdığı addımlara da toxundu. O vurğuladı ki, Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, uzun illər icrasız qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini təmin edib. Prezident İlham Əliyev bildirdi ki, rəsmi Bakı münaqişədən sonrakı dövrdə sülh təşəbbüsü ilə çıxış edib və bu istiqamətdə aparılan danışıqlarda Almaniyanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Dövlət başçısı, həmçinin qeyd etdi ki, bu il Avropa İttifaqı rəhbərliyinin Azərbaycana həyata keçirdiyi yüksək səviyyəli səfərlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Şübhəsiz ki, bütün bu addımlar Azərbaycan ilə Almaniya arasında formalaşmış etibarlı tərəfdaşlığın və qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin bariz göstəricisidir. Bu əməkdaşlıq gələcək dövrdə siyasi, iqtisadi və strateji əlaqələrin daha da möhkəmlənməsinə əlverişli zəmin yaradacaqdır.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































