Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan–Almaniya münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm diplomatik hadisə

Azərbaycan–Almaniya münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm diplomatik hadisə


Qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlar əsasında qurularaq inkişaf edən Azərbaycan–Almaniya münasibətlərində son illərdə xüsusi dinamika müşahidə edilir. Qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan Bakı–Berlin münasibətləri özündə təkcə siyasi deyil, eyni zamanda iqtisadi sferanı da ehtiva edir. Müntəzəm olaraq baş tutan yüksək səviyyəli səfərlər və imzalanan sənədlər yeni iqtisadi perspektivlər yaradır, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün strateji istiqamətlər müəyyənləşdirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirilən görüşlər və imzalanan sənədlər bunu deməyə əsas verir.

Bildiyimiz kimi, Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridir. Berlinin qoca qitədə öz çəkisi, təsir imkanları və Avropa iqtisadiyyatında xüsusi payı var. Bu baxımdan Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafı Bakıya Almaniyanın timsalında Avropada əsas iqtisadi tərəfdaş qazandırmış olur. Hazırda iki ölkə arasında enerji, sənaye, ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar, təhsil və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlıq imkanları mövcuddur.

Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər bu imkanların və iqtisadiyyatın müxtəlif istiqamətlərində əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır. Dövlət başçısının Almaniyaya səfərinin Bakı üçün iqtisadi faydaları kifayət qədər olacaqdır. Bunu cənab Prezident Almaniya kansleri Fridrix Mertslə görüşündə də açıq şəkildə ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, bu gün Azərbaycanda fəal fəaliyyət göstərən alman şirkətlərinin sayı 200-dən çoxdur. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, bu səfərdən sonra onların sayı daha da artacaq. Cənab Prezidentin bu əminliyi həm də Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasından irəli gəlir. Sözügedən Biznes Şurası iki ölkənin iş adamlarının qarşılıqlı sərmayə yatırması, indiyədək qoyulmuş investisiyaların həcminin artırılması və iqtisadi sahədə yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Biznes Şurası Azərbaycan şirkətlərinin Almaniyada, alman şirkətlərinin isə Azərbaycanda daha geniş çərçivədə fəaliyyəti üçün zəmin yaradacaq. Bu isə yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına və qeyri-neft sektorunun inkişaf etdirilməsinə mühüm töhfə verəcək.
Bütün bunlara baxmayaraq, enerji sahəsi Azərbaycan–Almaniya münasibətlərində xüsusi yer tutur. Bu bir reallıqdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xəzər dənizinin zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, təbii qaz ixracının genişləndirilməsi və enerji marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr Avropa ölkələri, o cümlədən Almaniya üçün böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji" layihələri və karbon emissiyalarının azaldılması sahəsində əməkdaşlıq üçün də yeni imkanlar yaranır.

Prezident İlham Əliyevin dediyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır:

"Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz ki, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır."

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da Azərbaycan–Almaniya münasibətlərində xüsusi yer tutur. Bu birmənalıdır ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit ölkəsi kimi rolu getdikcə artır. Digər tərəfdən, Orta Dəhliz istiqamətində həyata keçirilən layihələr yükdaşımaların sürətlənməsinə və beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır. Bu isə Almaniya kimi ixracyönümlü iqtisadiyyata malik ölkə üçün sərfəli marşrut hesab olunur.

Dövlət başçısının bütün xarici səfərlərində və ölkəyə səfər etmiş yüksək səviyyəli rəsmilərlə görüşlərində əsas müzakirə mövzularından biri də, təbii ki, regional və beynəlxalq təhlükəsizlik məsələləri olur. Cənab İlham Əliyevin Almaniyaya səfərində də bu mövzu ənənəvi olaraq görüşlərin əsas mövzularından biri oldu. Azərbaycan Prezidenti regiondakı vəziyyət, sülhə doğru atılan addımlar və beynəlxalq dəstəyin əhəmiyyəti barədə Berlindən dünyaya mühüm mesajlar çatdırdı. O, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin olunmasını istəyən tərəfdaşlara təşəkkürünü də ifadə etdi.

"Almaniyanın Cənubi Qafqazdakı sülh prosesinə verdiyi töhfəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Uzun illərdən sonra Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi", – deyən İlham Əliyev bildirdi ki, biz çox tarixi bir dövr yaşayırıq:

"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi, Ermənistana sülh təklif etdi və müsbət cavab aldı."
Prezident İlham Əliyevin Almaniyaya səfəri təkcə sadalanan məsələlər deyil, eləcə də digər istiqamətlər üzrə müzakirələrin aparılması, ortaq məqamların müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli oldu. Bu mənada cənab İlham Əliyevin Berlinə səfərini Azərbaycan–Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm diplomatik hadisə kimi xarakterizə etmək mümkündür.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı
.
Xəbəri paylaş