
Dəniz mövsümün qızğın vaxtı idi. Mən hər zaman boş vaxtım olanda dənizə getməyi çox xoşlayırdım. Amma dəniz bizim yaşadığımız ərazidən təxminən 50 km məsafədə yerləşdiyi üçün ora hər dəfə getmək mümkün olmur, üstəlik yol uzaq olduğu üçün adam tək getməyə ürək etmir, özünə bir yoldaş axtarmalı olur. Uzun sözün qısası dənizə getmək üçün yanımda bir nəfər adam mütləq olmalı idi.
Bir dəfə gərgin iş həftəsindən sonra dənizə getmək qərarına gəldim. Bu niyyətlə səhər saatlarında evdən çıxdım. Uşaq vaxtı hansısa kitabdan oxumuşdum ki, dənizə getdiyin dostun səndən yaşça böyük, fiziki cəhətdən güclü, ən azından üzməyi bacaran biri olmalıdır. Bu fikiri beynimdə gəzdirirdim ki, birdən küçəmizin baş tərəfində İsaməddin adlı dostumu gördüm. Məhəllədə İsi adıyla tanınan İsaməddin məndən həm üç yaş böyük, həm də fiziki cəhətdən qamətli görünürdü. Bu da hardasa dəniz yoldaşlığına uyğun gəlirdi.
Özü də ali təhsilli olmaqla yanaşı, rayonda idarələrin birində vəzifə sahibi idi. Isinin dərin zəkası, intellektual səviyyəsi və bir də müasir texnologiya bacarığı hər halda məndən güclü idi. Bir sözlə İsi məndən həm fiziki, həm də elmi cəhətdən üstün idi.
İndi isə keçək İsaməddinlə bağlı əsas məsələyə. Küçənin başında bu tanışımı görüb avtomobilimi düz onun yanında saxladım. Salam verib, hal-əhval tutdum. İsiyə dənizə getmək istədiyimi, bunun üçün özümə yoldaş axtardığımı bildirdim. Ona - əgər boş vaxtın varsa gəl, dənizə gedək, - dedim. Məhəllə tanışım etiraz etmədi: - Hə, olar, – dedi. Amma evə gedib paltarımı dəyişməliyəm, bu geyimdə dənizə gələ bilmərəm. İsaməddin bunu deyib evlərinə tərəf yollandı.
Bir neçə dəqiqədən sonra İsi yolun o biri tərəfində göründü. Məhəllə tanışım paltarını dəyişib, daha qəribə geyinmişdi. Mən təsəvvür edirdim ki, dənizə gedən bir adam yüngül və sadə geyinsin. İsinin bu geyimdə görməyim məndə qəribə təəssürat yaratdı. Məhəllə uşağım üst-başını tam dəyişmişdir. Bayaq ayağında gördüyüm yay tərliklərini cıxardıb yerinə qara corablarla dəri tufli, əynində ütülənmiş şalvar, uzunqol köynək geyinərək qollarını biləkdən düymələmişdir. İsiyə bu nə geyimdir, belə geyimlə dənizəmi gedərlər? - dedim. İsnin cavabı heç uyğun gəlmədi: - Mən cimməyəcəm.
Nə isə İsini də götürüb yola düzəldik. Yolda İsi: - qabaqda saxlayarsan, dükandan bəzi şeylər alarıq deyə bildirdi.
Marketin qarşısında maşını saxlayıb dəniz üçün lazım olan ərzaqları aldıq. Məhəllə uşağım iki ədəd aliminium banka “Fanta” almışdır. Yarım saatdan sonra dənizə çatdıq. Dəniz sakit və dalğasız olsa da cimərliyə gələnlərin sayı az idi. Avtomobili saxlayıb dərhal soyunmağa başladım. Düşündüm ki, suya vaxtında girməliyəm, ləng tərpənsəm gecikə bilərəm. Bu fikirlə yüyürüb suya baş vurdum. Gün boyu içimə işləyən istiliyi bir anda fövqəladə bir sərinlik əvəz etdi. Başımı sudan çıxarıb dərindən nəfəs alaraq üzməyi davam etdim. Məndə suya, dənizə olan məhəbbət elə uşaqlıqdan yaranmışdı. Baxmayaraq ki, iki dəfə dənizdə batmaq təhlükəsi ilə üzləşmişdim.
Birdən yadıma mənimlə dənizə gələn yoldaşım İsaməddin düşdü. Başımı qaldırıb onu axtarmağa başladım. Fikirləşdim ki, o yəqin indi soyunub haradasa ətrafımda üzür. Birdən onu sahildə gördüm. Qızmar qumun üstündə ayaqyalın gəzişirdi. Əlində isə bayaq dükandan aldığı içinə qum doldurulmuş “Fanta” qutuları var idi. Dənizdən çıxıb dostumun yanına getdim. “Fanta” qablarını nə üçün qum ilə doldurduğunu soruşdum:
-Mən bunları evə aparacam.
Məndə belə təsəvvür yarandı ki, dostum bəlkə bu içi dəniz qumu ilə dolu olan iki “Fanta” qabından özü üçün “qum vannası” hazırlasın. Ola bilsin İsinin dənizə həvəsi olmasın, amma qumda qızınmaq, isti qumda yanmaq daha maraqlı olsun onun üçün. İşin digər tərəfi də o idi ki, cəmi 250 qramlıq 2 qabda olan qum hara bəs olacaq?
Bəli, istirahətimizi bitirib evə dönmək qərarına gəldik. İsi qabları da götürüb maşına əyləşdi. Uzun yürüşdən sonra gəlib məhəlləmizə çatanda hava artıq qaralmışdı. Dostum düşəcəyini bildirdiyi yerdə avtomobili saxladım. İsi mənimlə sağollaşıb bu günkü günə görə təşəkkürünü bildirdi. Ordan evimə gəlib avtomobili qaraja saldım. Birdən maşının içində İsinin içi qum ilə doldurulmuş “Fanta” qablarını gördüm. Telefonu götürüb dostuma zəng etdim. Dostum – Eybi yoxdur, qoy qalsın. Səhər düşəndə gətirərsən alaram. – dedi.
Səhəri gün ona zəng etdim. Telefona zəng çatmadı. Bir daha dostumu aramadım.
Aradan xeyli müddət keçmişdir. Artıq qış fəsili idi. Bir dəfə güclü qar yağmışdı. Hər tərəf ağ ürpəyə börünmüşdür. Bir gün həyətdə gəzəndə ayağım qızılgül kollarının altında nəyə isə toxundu. Bu İsaməddinin dənizdən gətirdiyi içi qumla dolu olan “Fanta” qabları idi.
Mehman Fərmanov
Newscenter.az üçün












































