Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putini dayandıracaq yeganə amil nə xahiş, nə diplomatik eyham, nə də yumşaq xəbərdarlıqdır

Putini dayandıracaq yeganə amil nə xahiş, nə diplomatik eyham, nə də yumşaq xəbərdarlıqdır


Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə son görüşündə Moskvanı Ukraynaya qarşı müharibəyə son qoymağa çağırması, əslində, Don Kixotun yel dəyirmanı ilə səmərəsiz, nəticəsiz savaşına bənzəyir. Tokayev sözügedən görüş zamanı dünyada heç kimin Ukraynaya qarşı müharibənin mahiyyətini, səbəbini başa düşmədiyini bildirdi. Lakin bu sözlər ya kifayət qədər sərt olmadığına görə, yadaki Putinin insanlıq hissinin tamamilə öldüyünə görə tamamilə təsirsiz qaldı. Putin Tokayevə açıq şəkildə cavab vermədi. Lakin sonradan Qazaxıstan prezidentinin Ukrayna ilə müharibəyə son qoymaq çağırışına münasibət bildirən Kremlin sözçüsü D.Peskov Putinin Tokayevə "xüsusi hərbi əməliyyat barədə hər şeyi ətraflı izah etdiyini" və hazırda məhz Kiyevin mövqeyinə görə müharibənin "dondurulmasının mümkün olmadığını" əmin etdiyini bildirib.
Bu açıqlama həm Putinin, həm də onun mətbuat katibi Peskovun riyakarlığını bir daha ortaya qoyur. Axı müharibəni başladan tərəf Putinin iddia etdiyi kimi Ukrayna deyil. Bütün dünya bilir ki, 2022-ci ilin fevralında məhz Putinin əmri ilə Rusiya ordusu "Xüsusi Hərbi Əməliyyat" (SVO) adı altında Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başlayıb. Lakin Rusiya rəhbərliyi indi xüsusi həyasızlıqla dünya birliyini aldatmağa, həqiqətləri təhrif etməyə çalışır. Tokayevin həddindən artıq ürkək, ehtiyatlı və nəzakətli çağırışı isə Putin kimi "şər dahisi"ni dayandırmağa qadir deyil. Rusiyanı yalnız üstün hərbi güc dayandıra bilər.
Bu səbəbdən Tokayevin Moskva səfəri zamanı səsləndirdiyi ehtiyatlı, hətta ifrat dərəcədə diplomatik çağırışın Kremlin müharibə maşını qarşısında heç bir real çəkisi, təsir gücü olmadı. O, dünyada heç kimin Ukraynaya qarşı bu qanlı savaşın mahiyyətini və səbəbini anlamadığını desə də, bu sözlər nə Putinin soyuq siyasi hesabını, nə də Kremlin aqressiv kursunu bir an belə sarsıtdı. Çünki söhbət məsələni anlamamaqdan yox, qəsdən anlamaq istəməməkdən söhbət gedir.
Peskovun sonrakı açıqlaması isə Kremlin klassik manipulyasiya üslubunun növbəti nümunəsi oldu. Müharibəni başladan tərəfin guya Ukrayna olduğu barədə yaradılan bu saxta narrativ artıq nə beynəlxalq ictimaiyyəti aldada bilir, nə də tarixi həqiqəti ört-basdır edə bilir. Həqiqət sadədir: 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğal əmri məhz Putinin imzası ilə verilib. “Xüsusi hərbi əməliyyat” kimi təqdim olunan bu aqressiya əslində suveren bir dövlətə qarşı açılmış amansız və həm də mənasız müharibədir.
Kremlin bu gün dünyaya sırımağa çalışdığı “dondurma mümkün deyil” tezisi də eyni dərəcədə riyakar və məsuliyyətdən qaçan yanaşmadır. Müharibəni alovlandıran tərəf sülhün şərtlərini diktə edə bilməz; işğalı həyata keçirən tərəf öz cinayətini diplomatik terminlərin arxasında gizlətməklə tarixdən bəraət ala bilməz. Bu, nə siyasi məntiqdir, nə də mənəvi mövqedir — bu, sadəcə, zorakılığın və yalanın dövlət dili səviyyəsinə qaldırılmasıdır.
Ona görə də Tokayevin nəzakətli və ölçülü-biçili çağırışı qanlı müharibə vurğunu olan Putin rejimi qarşısında yalnız protokol faktı səviyyəsində qalır. Putini dayandıracaq yeganə amil nə xahişdir, nə diplomatik eyham, nə də yumşaq xəbərdarlıqdır. Tarix göstərir ki, Hitler tipli aqressiv liderləri yalnız qətiyyətli beynəlxalq təzyiq, real güc balansı və möhkəm siyasi iradə dayandıra bilər. Əks halda, Kremlin təbliğat və yalan maşını yenə həqiqətin üzərinə kölgə salmaq cəhdlərini davam etdirəcək.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş