
İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının dövlət televiziya kanalı AZTV-nin və digər xarici media subyektləri ilə birgə “düşmən qurumlar” siyahısına daxil edilməsi, eləcə də bu media vasitələri ilə əməkdaşlıq edən şəxslərin cinayət təqibi ilə hədələnməsi beynəlxalq hüququn fundamental prinsipləri və suveren dövlətlərarası münasibətlər baxımından ciddi hüquqi-siyasi ziddiyyət təşkil edir. Bu qərar müasir beynəlxalq hüquq sistemində qəbul edilmiş informasiya azadlığı, dövlətlərin suveren bərabərliyi və mütənasib cavab tədbirləri doktrinaları çərçivəsində təhlil etdikdə,
ilk növbədə, şübhə doğurmur ki, transsərhəd informasiya axınının və jurnalist fəaliyyətinin birtərəfli qaydada "kriminallaşdırılması" cəhdi beynəlxalq insan hüquqları hüququnun "jus cogens" xarakterli normalarına ziddir. Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktının 19-cu maddəsində təsbit edilmiş ifadə azadlığı hüququ dövlətlərə öz yurisdiksiyasından kənarda fəaliyyət göstərən media qurumlarına siyasi motivlərlə ekstraterritorial təzyiq göstərmək səlahiyyəti vermir. Dövlət mediasının legitim peşə fəaliyyətinin "düşmən fəaliyyəti" adı altında sanksiyalaşdırılması informasiya suverenliyinə qanunsuz müdaxilə olmaqla yanaşı, beynəlxalq hüquqda tanınan ifadə azadlığının mahiyyətini təhrif edir. İkinci vacib məqam dövlətlərin daxili işlərinə qarışmamaq və suverenliyə hörmət prinsipi ilə bağlıdır. BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndində əks olunan bu prinsip dövlətlərin bir-birinin institusional strukturlarına və rəsmi media vasitələrinə qarşı təhdid dilindən istifadə etməsini qadağan edir. Başqa bir suveren dövlətin rəsmi yayım qurumunu hədəf almaq və onun əməkdaşlarını hüquqi sanksiyalarla hədələmək diplomatik münasibətlərdə "bona fides" - xoşniyyət prinsipinin pozulmasıdır.
İran tərəfi unutmamalıdır ki, Beynəlxalq hüquqi təcrübədə bir dövlətin digər dövlətin fiziki və ya hüquqi şəxslərinə qarşı tətbiq etdiyi qeyri-dost və ya diskriminativ tədbirlərə cavab olaraq Bakının adekvat məhdudiyyətlərin tətbiqi hüququ var və bu, legitim müdafiə mexanizmidir. Bu çərçivədə, "Media haqqında" Qanunun 11.4-cü maddəsinə söykənərək qarşılıqlılıq prinsipi əsasında "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin ölkə ərazisindəki fəaliyyətini hüquqdan kənar elan etməsi milli informasiya məkanının və dövlət suverenliyinin qorunmasına yönəlmiş proporsional hüquqi cavabdır və Azərbaycan digər adekvat tədbir imkanları hüququnu özündə saxlayır. Biz əminik ki, güc və ya təhdid tətbiq etmək vasitəsi kimi medianın hədəf seçilməsi beynəlxalq hüquq qaydalarına heç bir formada cavab vermir və regional təhlükəsizlik və sabitlik yalnız qarşılıqlı suverenliyə hörmət, hüququn üstünlüyü və beynəlxalq öhdəliklərin dürüst icrası əsasında təmin edilə bilər.
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı












































