
Almaniyada Sol Partiyadan olan Bundestaq üzvü Cansu Köktürk debatlar zamanı dəfələrlə yerindən danışdığına və qaydaları pozduğuna görə 2000 avro cərimə olunub.
Newscenter.az xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, Köktürk bu məbləğdə cərimələnən ilk parlament üzvüdür. Bundestaqın vitse-prezidenti Andrea Lindholz büdcə müzakirələri zamanı prosedur qaydalarının yeni, daha sərt müddəalarından istifadə edərək bu tədbiri tətbiq edib. Bu müddəalara əsasən, parlament üzvləri üç plenar iclas ərzində pozucu davranışa görə üç rəsmi xəbərdarlıq aldıqları təqdirdə 2000 avro cərimə edilə bilərlər. Təkrar qanun pozuntusuna yol verənlər 4000 avro cərimə ilə üzləşirlər.
Qeyd edək ki, Bundestaqın büdcə müzakirəsindəki çıxışında Almaniya üçün Alternativ (AfD) siyasətçisi Rene Springer, digər məsələlərlə yanaşı, sığınacaq axtaranları sosial təminat sistemindən sui-istifadə etməkdə günahlandırıb. Köktürk millət vəkilinin kürsüsündən etdiyi çıxışa kəskin reaksiya verib. Şifahi xəbərdarlıq aldıqdan sonra Köktürk danışmağa davam edib və Lindholzdan nizamsızlığa görə ilk rəsmi xəbərdarlıq alıb. Daha sonra Köktürk Lindholzu "faşistləri" müdafiə etməkdə günahlandırıb. Millət vəkilinə dərhal ikinci xəbərdarlıq edilib. Köktürk isə etiraz olaraq zalı tərk edib.
Anar











































