
"Sea Breeze"-də olanlar bir daha sübut edir ki, ölkədə, cəmiyyətdə və ictimai şüurda təhlükəsizliklə bağlı ciddi çatışmazlıqlar var.
Newscenter.az xəbər verir ki, bunları politoloq Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, mümkün olmalı olmayan risklərin reallaşdığını görmək üzücüdür:
"Hələ də anlamaq olmur ki, o necə nasos idi, necə quraşdırılmışdı, uşaq necə gedib ora düşmüşdü. Bunu anlamaq olmur. Halbuki belə bir risk heç vaxt reallaşmamalıdır.
Deməli valideynlər heç kəsə və heç bir yerə güvənməməli, daim uşağın təhlükəsiz şəraitdə olmasına özü nəzarət etməlidir. Bunun üçün özü də hansı hallarda hansı təhlükələr yaranır - bundan başı çıxmalıdır".
Fərhad Mehdiyev qeyd edib ki, peşəkar idarəetmə çox yerdə yoxdur:
"Odur ki uşağınızı üzmə hovuzuna yazdırsanız, gərək məşq sırasında orada gözləyəsiniz ya da uşaq hovuza əynində xilasetmə gödəkçəsi ilə girməlidir. Biraz üzməyi öyrənənə qədər. Məsuliyyətli, peşəkar və vicdanlı işçi qıtlığı hər yerdə var. Məsələn: Mənim qızım Abşeron Rayon Mərkəzi Xəstəxanasında 1 litrdən çox qan itirdiyi halda, ona həmin səhiyyə ocağında heç qan köçürülmədi.
4 yaşlı uşağın anasının, atasının necə bir faciə yaşadıqlarını çoxumuz təsəvvür edə bilmərik. Amma onlar hər gün ölürlər, sonra necə olub sağ qaldıqlarına biraz da utanırlar".
Anar












































