Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan bunu bacaracaqmı?

Paşinyan bunu bacaracaqmı?



"Emənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin “Üçüncü Respublika”dan “Dördüncü Respublika” mərhələsinə keçdiyini bəyan etməsi və 2026-2031-ci illər üçün nəzərdə tutulmuş yeni hökumət proqramında keçmiş "Qarabağ hərəkatı"nın ideologiyasının yer almadığını bildirməsi, eləcə də Paşinyanın 5 illik planında Azərbaycanla münasibətlərin ayrıca qeyd olunaraq Ermənistan hökumətinin 2026–2031-ci illər üçün fəaliyyət proqramında balanslaşdırılmış xarici siyasət yürüdəcəyini və Azərbaycanla əldə olunmuş sülhün institusionallaşdırılması istiqamətində işi davam etdirəcəyini açıqlaması, zənnimcə, günün ən önəmli hadisəsidir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O qeyd edib ki, Paşinyan hökumətin iclasında 2026–2031-ci illər üçün hökumət proqramının “Real Ermənistan” ideologiyasına və “Dördüncü Respublika” konsepsiyasına əsaslandığını bildirib və “Üçüncü Respublika” ilə “Dördüncü Respublika” arasındakı əsas fərqi belə ifadə edib:

“Üçüncü Respublika ilk gündən münaqişə məntiqi üzərində qurulmuşdu, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb”.

Paşinyanın sözlərinə görə, 1990-cı illərdə elan edilmiş Üçüncü Respublikanın əsas məqsədlərindən biri tarixə istinad etmək olub və Qarabağ hərəkatı da bu konsepsiyadan qaynaqlanıb, ancaq hazırda isə Ermənistan sülh şəraitində 2018-ci il “məxməri inqilabı”ndan sonra həyata keçirilməsi nəzərdə tutulan, lakin pandemiya, 44 günlük müharibə və müharibədən sonrakı böhranlar səbəbindən tam reallaşdırılmayan islahat gündəliyinə qayıda bilər. Baş nazir Qarabağla bağlı qəbul etdiyi çətin qərarlarla Ermənistanı yox olmaq təhlükəsindən qurtardığını bildirib: “Qarabağ məsələsi ilə bağlı çox çətin və mürəkkəb qərarlarımla Ermənistanı tələdən çıxardığımı düşünürəm. Ermənistan xalqı da bu fikri bölüşür, əks halda mən burada olmazdım”,

Paşinyanın hökumətin iclasında 2026-2031-ci illər üçün hökumət proqramını təqdim edərkən Ermənistanın "Qarabağ ideologiyası"ndan və “Üçüncü Respublika"dan imtina etdiyini açıqlaması gözlənilən olduğu qədər də inqilabi hadisədir. Onun sözlərinə görə, Ermənistanın orta və yaşlı nəsildən olan, eləcə də gənc nəslin bir çox siyasi xadimi Qarabağ hərəkatının ideologiyası ilə bağlı olub. Paşinyan bunun hakimiyyət nümayəndələrinə də aid olduğunu qeyd edib. Baş nazir bildirib ki, son illərdə hökumət “uzun illər bağlı qalan səhifələri yenidən oxumaq” qərarına gəlib. Onun sözlərinə görə, həmin səhifələrin yenidən nəzərdən keçirilməsi “sülh gündəliyinin və real Ermənistanın” formalaşmasına gətirib çıxarıb".

Komitə sədri qeyd edib ki, Paşinyanın təqdim etdiyi proqramın yekun hissəsində dövlət ideologiyasında baş verən dəyişikliklərin dərinliyi nəzərə alınaraq, Üçüncü Respublikadan Dördüncü Respublikaya keçidin elan edilə biləcəyi bildirilir:

"Bu - millətçi, irqçi Ermənistandan konstruktiv, adekvat Ermənistana keçid deməkdir. Ermənistan hökuməti bu keçidi gerçəkləşdirə bilmək üçün sülhün institusionallaşdırılması və möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirməlidir. Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üçün atılan addımlar davam etdirilməlidir. Bu, sözügedən proqramda da qeyd olunub. Ancaq Paşinyan bunu bacaracaqmı?

Paşinyanın bunu nə dərəcədə bacaracağı sualına qısa cavab belədir: qismən bəli, amma tam və sürətli şəkildə yox. Çünki onun qarşısında həm daxili siyasi, həm də regional təhlükəsizlik baxımından çox ciddi məhdudiyyətlər var. Amma bir fərq də var: Paşinyan artıq ritorika səviyyəsində deyil, dövlət ideologiyası səviyyəsində mövqeyi dəyişməyə çalışırsa, bu, əvvəlki illərlə müqayisədə daha dərin və müsbət dönüş sayıla bilər. Bu baxımdan, Paşinyanın “Üçüncü Respublika” və “Qarabağ ideologiyası”ndan uzaqlaşmaq barədə danışması təkcə siyasi bəyanat deyil. Bu, postmüharibə dönəmindəki Ermənistan dövlətçiliyinin hansı məntiq üzərində qurulacağına dair ciddi istiqamət dəyişikliyidir. Əgər həqiqətən “Real Ermənistan” və “Dördüncü Respublika” xətti önə çıxırsa, bu, münaqişə üzərindən qurulan siyasi mobilizasiya modelindən sülh və normallaşma modelinə keçid deməkdir".

Əlisahib Hüseynov bildirib ki, belə keçid isə təkcə kağız üzərində deyil, cəmiyyətdə və institutlarda da möhkəmlənməlidir:

"Bu isə elə də asan deyil. Çünki Paşinyanın hazırda ən böyük problemi ondan ibarətdir ki, Ermənistan cəmiyyəti və siyasi elitası vahid, yekdil mövqedə deyil. Qarabağ mövzusu uzun illər ölkənin daxili siyasətində milli identiklik məsələsinə çevrilib. Bu səbəbdən də ideoloji dönüş yalnız baş nazirin istəyi ilə baş vermir. Revanşist müxalifətin və millətçi kilsənin, təxribatçı diasporanın və keçmiş siyasi elitaların da reaksiyası həlledici olacaq. Yəni Paşinyan sülh gündəliyini irəli apara bilər, amma bu gündəliyin davamlı olması üçün ona güclü ictimai mandat və institusional dəstək lazımdır.

Əgər Ermənistan hökuməti doğrudan da Azərbaycanla sülhün institusionallaşdırılması xəttini davam etdirərsə, bu, region üçün heç şübhəsiz ki, müsbət siqnal olacaq. Xüsusilə sərhədin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, sülh sazişinin imzalanması və ratifikasiyası kimi məsələlərdə ciddi irəliləyişlər regiondakı mənzərəni yaxşı mənada kökündən dəyişə bilər. Amma burada əsas sual Ermənistan hakimiyyətinin siyasi iradəsini sonadək qoruyub saxlaya bilməsidir. Çünki sülh prosesi yalnız bəyanatlarla yox, konkret hüquqi və siyasi addımlarla ölçülür. Bünün üçün rəsmi İrəvan Azərbaycanla münasibətləri daha da genişləndirməli və Prezident İlham Əliyevin Naxçıvandan verdiyi mesajlardan "yol xəritəsi" kimi istifadə etməlidir.

İlham Əliyevin Naxçıvandan verdiyi mesajları “yol xəritəsi” kimi oxumaq çox önəmlidir. Çünki bu mesajlar regional kommunikasiyalar, sülhün möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyi, iqtisadi inteqrasiya və Zəngəzur/Naxçıvan xətti kimi mühüm strateji məsələlərə işarə edir. Ermənistan üçün əsas məsələ bu siqnalları yalnız ritorika kimi deyil, praktik siyasi istiqamət kimi qəbul etməkdir. Yəni sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi, kommunikasiyaların açılması və qarşılıqlı öhdəliklərin icrası prioritet olmalıdır. Əgər İrəvan doğrudan da normallaşma xəttini dərinləşdirmək istəyirsə, onda Azərbaycanla qarşılıqlı etimadı artıran addımları genişləndirməli, razılaşmaları kağız üzərindən real icraya, real məcraya keçirməlidir".

Süleyman
Xəbəri paylaş