
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çindən olan tərəfdaşlar arasında Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın yeni imkanları müzakirə olunub.
Newscenter.az xəbər verir ki, Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.
Rövşən Rüstəmov “Şanxay Beynəlxalq Liman Qrupu” şirkəti (SIPG) və “NIZE Tech” texnologiya şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Orta Dəhliz vasitəsilə müntəzəm konteyner daşımalarının artırılması imkanlarını müzakirə edib. Şanxaydan Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşına biləcək yüklərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.
Görüşdə liman əməliyyatlarının rəqəmsallaşdırılması və smart-liman həllərinin tətbiqi məsələləri də müzakirə olunub. Terminal idarəetmə sistemləri, intellektual yük girişi və hesablanması həlləri, yük meydançalarının idarə edilməsi, məlumat inteqrasiyası, eləcə də liman və dəmir yolu əməliyyatları arasında rəqəmsal koordinasiya mümkün əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.
ADY, SIPG və “NIZE Tech” arasında Orta Dəhliz üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub və bu istiqamətdə atıla biləcək birgə addımlar barədə fikir mübadiləsi aparılıb.
ADY sədri həmçinin “Lyanyunqan Limanı” ASC-nin nümayəndə heyəti ilə görüşdə Lyanyunqan–Bakı marşrutunun inkişaf etdirilməsi, Orta Dəhliz üzrə blok-qatarların təşkilinin genişləndirilməsi və Avropa istiqamətində daha çox yük axınının cəlb olunması məsələlərini müzakirə edib.
Görüş zamanı ADY və Lyanyunqan Limanı arasında mövcud əməkdaşlığın əhəmiyyəti və açdığı yeni imkanlar nəzərə çatdırılıb. Tərəflər yük axınları, qatarların hərəkət cədvəlləri və logistika tələbləri üzrə məlumat mübadiləsinin gücləndirilməsinin Lyanyunqan–Bakı marşrutunun səmərəliliyinə, tranzit müddətlərinin optimallaşdırılmasına və marşrutun rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyini qeyd ediblər.
Görüşlərin yekununda tərəflər Orta Dəhlizin inkişafı, Çin–Azərbaycan–Avropa istiqamətində yük axınlarının artırılması, logistika proseslərinin təkmilləşdirilməsi və yeni texnoloji həllərin tətbiqi üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Süleyman











































