
Türk dünyası qlobal iqtisadiyyatda strateji cazibə mərkəzinə çevrilir.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
Onun sözlərinə görə, belə bir dövrdə ölkələrin gücü yalnız sahib olduqları xammalla və yaxud bugünkü milli gəlirləri ilə ölçülə bilməz: "Əsl güc resursları bir-birinə bağlamaq, bazarları inteqrasiya etmək, kapitalı hərəkətə keçirmək, texnologiyanı birlikdə dəyərləndirmək və ən əsası, ortaq ağılla və ortaq bir baxışla irəliləməkdir. Bu gün Türk Dövlətləri Təşkilatına aid coğrafiya, təxminən 200 milyon əhalisi, Avropa və Asiyanın mərkəzindəki mövqeyi, enerji və insan resursları, istehsal gücü ilə artıq dünyada yeni bir qlobal arxitekturanın sözçüsü, öncülü ola bilmək potensialına sahibdir. Təşkilatın müşahidəçi üzvlərini də daxil etdikdə, hazırda rüblük dəyəri 674 milyard ABŞ dollarınaa çatan iqtisadi gücümüz var. Bunu ildə 2-3 trilyon ABŞ dolları edir və yaxın gələcəkdə dünyanın TOP-10 iqtisadiyyatından biri olacağımız deməkdir. Əslində, hazırda buna çatmış vəziyyətdəyik. Türk dünyası artıq yalnız böyüyən bir iqtisadi coğrafiya deyil, qlobal istehsal, ticarət, enerji və logistika balansında çəkisi artan strateji cazibə mərkəzlərindən birinə çevrilir".
Bundan başqa, K.Zorlu deyib ki, türk dünyası ölkələri qarşılıqlı ticarətin qlobal ticarətdə payını azı 10 % etməyi hədəfləyir: "Hazırda bu göstərici 7 %-dən bir qədər çoxdur, halbuki, bir neçə il bundan əvvəl 3 % civarında idi. Mövcud iqtisadi potensialımızı nəzərə aldıqda, qısa müddətdə bunu 10 %-ə çatdırmaq imkanımız var. Artıq yalnız öz aramızda mal satmaq əvəzinə, birlikdə istehsal etmək, birlikdə maliyyələşdirmək, birlikdə daşımaq, birlikdə texnologiyanı inkişaf etdirmək və dünyaya birlikdə çıxmaq zamanıdır. Bu nöqtədə qlobal ticarətdə əhəmiyyəti getdikcə artan Orta Dəhliz mühüm imkanlar təqdim edir. Məncə, bu gün Orta Dəhliz yalnız bizim deyil, dünyanın da yeni bazarlarla qarşılaşması və qlobal riskləri azaltması baxımından çox böyük əhəmiyyət kəsb edir, yalnız Şərqlə Qərb arasında təhlükəsiz və sürətli daşınmaya töhfə verməklə kifayətlənmir, eyni zamanda Türk dünyasının qlobal iqtisadiyyata daha güclü inteqrasiya olunmasını təmin edir".
"Logistik infrastrukturu uyğunlaşdırmaq, gömrük prosedurlarını sadələşdirmək və "Bir pəncərə" sistemlərini genişləndirmək analitik mərkəzlərimizin üzərində işləməli olduğu çox vacib məsələlərdir. Orta Dəhlizə yalnız Çindən Avropaya uzanan alternativ bir daşıma marşrutu kimi baxmamalıyıq. Əks halda, tarixi fürsəti əldən vermiş olarıq. Çünki Orta Dəhliz yalnız bir dəmir yolu xətti deyil, yalnız bir logistik marşrut da deyil. Orta Dəhliz düzgün siyasətlərlə iqtisadi inkişaf zolağına çevrilə bilər. Dünya Bankının təhlillərinə görə, lazımi infrastruktur investisiyaları, gömrük islahatları və lojistik koordinasiya təmin edilərsə, bu dəhliz üzərindən ticarət dövriyyəsi 2030-cu ilə qədər 3 dəfə arta bilər. Eyni proqnoza görə, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasındakı ticarətin 37%, bu ölkələrin Avropa İttifaqı ilə ticarətinin isə 28 % artacağı gözlənilir. Dünya Bankının 2030-cu il üçün nəzərdə tutduğu 11 milyon tonluq yük həcmi bizim üçün son hədəf deyil, əlbəttə ki, bir başlanğıc olacaq", - deyə millət vəkili vurğulayıb.(report)












































