
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları ilə görüşündəki çıxışı bir neçə istiqaməti özündə birləşdirən geniş siyasi-diplomatik mesajlar sistemi kimi qiymətləndirilə bilər. Çıxışın əsas xəttini Türk dünyası ilə İslam dünyası arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın bu prosesdə birləşdirici rolunun vurğulanması, Qarabağ məsələsinə dair Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması və regionda sülhün qorunması təşkil edir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinə xüsusi əhəmiyyət verilməsi təsadüfi deyil:
"Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın tərkib hissəsidir və bu iki coğrafi-siyasi məkan arasında əlaqələndirici rola malikdir. Türk Dövlətləri Təşkilatının dini liderlərinin toplantısında Gürcüstan, Suriya və Şimali Qafqazdan dini nümayəndələrin iştirak etməsi də bu formatın yalnız təşkilata üzv ölkələrlə məhdudlaşmadığını göstərən amildir. Bu yanaşma Azərbaycanın regional diplomatiyada mədəni, dini və tarixi əlaqələrdən istifadə etməklə daha geniş əməkdaşlıq platformaları formalaşdırmaq istəyini nümayiş etdirir.
Cənab Prezidentin çıxışında digər mühüm istiqamət İslam həmrəyliyi ideyasıdır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində fəaliyyəti, 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda planlaşdırılması bu siyasətin institusional müstəvidə davam etdirildiyini göstərir".
Politoloq qeyd edib ki, prezidentin çıxışında Qarabağ mövzusu da xüsusi yer tutdu və həm tarixi yaddaş, həm də müasir sülh gündəliyi kontekstində təqdim olundu:
"Prezident 30 illik münaqişə dövründə yaşanan hadisələri, məcburi köçkünlük və dini-mədəni irslə bağlı məsələləri xatırladaraq Qarabağın dini liderlərin səfəri üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi. Çıxışda məscidlərin bərpasının Qarabağın yenidən qurulması prosesində prioritet istiqamətlərdən biri kimi göstərilməsi isə Azərbaycanın İslam irsinin qorunmasına xüsusi diqqət yetirən dövlət kimi təqdim edilməsi baxımından olduqca əhəmiyyətli oldu.
Bununla yanaşı, çıxışda diqqətçəkən məqam keçmiş münaqişənin yaddaşının qorunması ilə gələcəyə yönəlmiş sülh siyasətinin paralel şəkildə vurğulanmasıdır. Prezident Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin davam etdiyini bildirməklə yanaşı müharibə və işğal dövrünün xatirələrinin unudulmayacağını xüsusi olaraq qeyd etdi ki, bu da olduqca vacib idi. Yəni başqa sözlə Prezident konkret olaraq sülhün qurulmasının tarixi yaddaşın silinməsi kimi qəbul edilmədiyinə dair mesaj vermiş oldu.
Prezidentin çıxışı Azərbaycanı Türk və İslam dünyasında əməkdaşlıq və dialoqu təşviq edən aktor kimi təqdim etmək baxımından da əhəmiyyətli oldu. Gələn il Bakıda keçirilməsi planlaşdırılan İƏT Zirvə Görüşünə xüsusi vurğu da bu baxımdan əhəmiyyətlidir. Azərbaycanın qarşısına qoyduğu əsas məqsəd Türk dünyası, İslam aləmi və Qafqaz arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və bu platformalardan regional sabitlik üçün istifadə edilməsidir".
Yusif Bağırzadə, "Ümumilikdə isə Prezidentin çıxışında bir tərəfdən milli və dini-mədəni irsin qorunmasının vacibliyini, digər tərəfdən Türk və İslam dünyasında həmrəyliyin gücləndirilməsini, paralel olaraq isə Cənubi Qafqazda sülhün möhkəmləndirilməsini ön plana çıxarmış oldu. Bu baxımdan deyə bilərik ki, Bakıdakı dini və mədəni tədbirlər yalnız simvolik xarakter daşımır, onlar Azərbaycanın regional və daha geniş müsəlman dünyasındakı diplomatik əlaqələrini möhkəmləndirmək üçün istifadə etdiyi platforma olaraq nəzərdən keçirilir",-deyə vurğulayıb.
Süleyman












































