
"Türk Dövlətləri Təşkilatı türk dövlətlərini bir araya gətirən, onlar arasında əlaqələrin daha da möhkəmlənməsinə və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə imkan yaradan mühüm bir qurumdur. Azərbaycan bu təşkilatda fəal iştirakı ilə türk dövlətləri arasında birlik və həmrəyliyin gücləndirilməsinə, qarşılıqlı münasibətlərin inkişafına xüsusi diqqət yetirir.
Bu baxımdan, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi xüsusi əhəmiyyət kəsb edir. Görüş zamanı dini və mənəvi dəyərlərin qorunması, xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafı baxımından mühüm məsələlər diqqət mərkəzində olmuşdur".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Maqsud Süleymanlı deyib. Onun sözlərinə görə, ölkə başçısı tədbirdə çıxışı zamanı bildirmişdir ki, Azərbaycan Ermənistanla sülh prosesinin uzunmüddətli olacağına inanır və sülhün tərəfdarıdır:
"Bununla yanaşı, xalqımıza qarşı törədilmiş vəhşiliklərin, Xocalı faciəsinin, dağıdılmış məscidlərin və mədəniyyət ocaqlarının heç vaxt unudulmayacağını vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, keçmişin acı təcrübəsi Azərbaycan xalqını daim ayıq-sayıq olmağa çağırır. Dövlət başçısı eyni zamanda Azərbaycanın öz hərbi gücünü artırdığını, ölkənin suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatının xalqın birliyi, milli dəyərlərə bağlılığı, qətiyyət və güclü ordu olduğunu diqqətə çatdırmışdır.
Onuda qeyd etmək istərdim ki, Ölkə başçısının çıxışı zamanı diqqət çəkən digər məsələlərdən biridə məhz Avropa Parlamenti olmuşdur. Dövlətimizin başçısının görüş zamanı səsləndirdiyi fikirlər ölkəmizə qarşı qərəzli yanaşmaların və müxtəlif siyasi dairələrin Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartların bir daha diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Avropa Parlamentinin ayrı-ayrı qətnamə və bəyanatlarında Azərbaycana qarşı səsləndirilən birtərəfli mövqelər də xüsusi qeyd olunmalıdır. Eyni zamanda, Avropa Parlamentinin öz sənədlərində Avropada korrupsiya və siyasi təsir məsələləri ilə bağlı müxtəlif araşdırma və məhkəmə proseslərinə istinad edilmişdir".
Hakim partiya təmsilçisi qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolunu və milli maraqlarını əsas götürərək müstəqil siyasətini ardıcıl şəkildə davam etdirir:
"Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial siyasəti nəticəsində ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir, dövlətimizin sözünün və iradəsinin nəzərə alındığı yeni siyasi reallıqlar formalaşır. Əminik ki, qarşıdakı dövrdə də həyata keçirilən ardıcıl siyasət, əldə olunan iqtisadi və siyasi nailiyyətlər, xalqımızın birliyi və dövlətimizin gücü Azərbaycanın daha böyük uğurlara imza atmasına nail olacaqdır".
Anar












































