Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il keçir. 21 il öz-özlüyündə kifayət qədər böyük bir zaman olsa da, lakin qədirbilən xalqımız hər il Ulu Öndərin əbədiyyətə qovuşduğu gün Onu böyük ehtiram və rəhmətlə anır, dahi şəxsiyyətin ruhuna Allahdan rəhmət diləyir. Xalqın Ulu Öndərə bu gün də olan sevgisi və ehtiramının təməlində isə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri dayanır.
Elə bir sahə yoxdur ki, Heydər Əliyevin orada adı keçilməsin, həmin sahənin inkişafında Ümummilli Liderin xidmətləri olmasın. İstər sovetlərin zamanında, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Ulu Öndərin fəaliyyətinin əsas ana xəttini xalqa, dövlətə xidmət dayanırdı.
Heydər Əliyevin hər bir sahə kimi iqtisadi sahədə də atmış olduğu məqsədyönlü addımlar təkcə bu sahənin deyil, ümumilikdə digər sahələrlə əlaqəli şəkildə ümumilikdə Azərbaycanın inkişafına hesablanır və buna yol açırdı. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın bu günkü iqtisadi inkişafı, tərəqqisinin kökündə dayanan əsas amil Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətdir. Zamanında Ulu Öndərin sağlam formada təməlini qoyduğu Azərbaycan iqtisadiyyatı bu gün məhz həmin təməl üzərində gündən-günə inkişaf edir, ölkəni uğurlara, iqtisadi inkişafa aparır.
Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərini əsasən 3 mərhələyə bölmək olar. Birincisi, Heydər Əliyevin sovet Azərbaycanında rəhbər vəzifədə çalışdığı illər, ikincisi, ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr, üçüncüsü isə, Ulu Öndərin gərgin əməyi sayəsində imzalanmış "Əsrin müqaviləsi"ndən sonrakı illər, hansı ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı məhz həmin tarixi hadisədən sonra başladı.
Heydər Əliyevin Azərbaycan iqtisadiyyatına verdiyi töhfənin ilk mərhələsi 1969-1982-ci illəri əhatə edir. Bu həmin dövr idi ki, Moskvada Azərbaycan barədə konkret plan hazırlanmışdı. O vaxt Moskvada, Mərkəzi Komitədə kök salmış erməni siyasiləri, antiAzərbaycan mövqeyində dayanan erməni millətçiləri belə bir fikir formalaşdırmağa nail olmuşdular ki, Azərbaycanın ittifaqa heç bir faydası yoxdur, bir respublika kimi özünü doğrultmur. Ona görə də Azərbaycan Ermənistan, Gürcüstan və Dağıstan arasında bölüşdürülməlidir.
Məhz Heydər Əliyevin həmin illərdə Sovet Azərbaycanına rəhbərliyə gətirilməsi ölkəni bu bəladan xilas etmiş oldu. Qısa müddətdə Heydər Əliyevin sayəsində iqtisadi sahədə atılan addımlar və əldə edilən uğurlar Azərbaycan iqtisadiyyatının nəinki inkişafına təkan verdi, hətta onu ittifaq ölkələri arasında qabaqcıl yerə çıxardı. Bir sözlə, Azərbaycanda sürətli iqtisadi inkişafı dönməz xarakter almağa başladı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illər iqtisadi inkişafın ən yüksək zirvəsi kimi tarixə düşdü.
Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinin ikinci mərhələsi 90-cı illərin əvəllərinə təsadüf edir. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında duran ilk məqsəd və vəzifə ölkədə siyasi sabitliyə nail olmaq və siyasi sabitlik fonunda ölkə iqtisadiyyatını inkişaf etdirmək idi.
Ulu Öndərin Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində atmış olduğu ən mühüm addım isə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması oldu. Təsadüfi deyil ki, bu dövrü, yəni "Əsrin müqaviləsi"nin imzalanmasından sonrakı illəri Heydər Əliyevin sayəsində Azərbaycan iqtisadiyyatının inkişafının üçüncü mərhələsi kimi xarakterizə edirlər. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin hissəsinin birgə kəşfıyyatı və işlənməsi üzrə 7 ölkənin 11 məşhur şirkəti ilə "Əsrin müqaviləsi" adlandırılan saziş bağlandı və ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. "Əsrin müqaviləsi" Xəzər dənizində ilk iri miqyaslı layihənin həyata keçirilməsində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Dünyanın ən nufuzlu və yüksək texnologiyalarına malik olan neft şirkətləri ilə neft sazişinin bağlanması olkə iqtisadiyyatının bütün sahələrinin inkişafının əsasını yaratdı və nəticədə bu tədbirlərin həyata keçirilməsi hazırkı davamlı və dinamik inkişafın təmin edilməsində müstəsna əhəmiyyətə malik oldu. Eyni zamanda Azərbaycanda etibarlı investisiya mühitinin və əlverişli investisiya şəraitinin yaradılması qısa müddətdə bir neçə perspektivli strukturların birgə kəşfiyyatı və işlənməsinə dair əlavə, daha 20 müqavilə bağlamağa imkan verdi. Bağlanmış müqavilələrə görə, birbaşa xarici investisiyaların ümumi məbləği təqribən 60 milyard ABŞ dolları təşkil edirdi. 1997-ci ilin noyabr ayından ilk müqavilə üzrə neft hasilatına başlandı və qısa müddətdə 12 milyon ton xam neft hasil edilərək xarici ölkələrə ixrac edildi və ümumən neft hasilatı artaraq 2000-ci ildə 14,1 milyon tona çatdı.
Bu gün də Azərbaycan iqtisadiyyatı Heydər Əliyevin uğurlu neft strategiyası və ölkə iqtisadiyyatının inkişafı istiqamətində atdığı uğurlu addımların, qoyduğu sağlam bünövrənin nəticəsində yalnız inkişaf edir, tərəqqiyə doğru gedir. Ümummilli liderin zamanında təməlini qoyduğu Azərbaycan iqtisadiyyatı günümzdə dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir, möhkəmlənir, güclənir.
Arzuman Muradlı, iqtisad elmləri doktoru, "Milli İnkişaf" İctimai Birliyinin sədri