Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təhsilinin bugünkü inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan təhsilinin bugünkü inkişafı Heydər Əliyevin adı ilə bağlıdır


"Bu günlərdə vəfatının 21-ci ilini böyük ehtiram və hörmətlə andığımız Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdeə olduğu kimi, təhsil sahəsində də xidmətləri əvəzedilməzdir, böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu günkü Azərbaycan təhsilinin inkişafı və günümüzdə əldə etdiyi nailiyyət birbaşa Heydər Əliyevin adı, onun qeyd etdiyimiz sahəyə diqqət və qayğısının nəticəsində mümkün olub".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, Ulu Öndər istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istər Moskvada Siyasi Büroda çalışdığı zaman, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər zaman ölkə təhsilinin inkişaf etdirilməsinə çalışıb, bu istiqamətdə çox sayda sənədlər imzalayıb, proqramlar təsdiq edib:

"Heydər Əliyev təhsilin bütün pillələrini nəzərində saxlayır, bu sahədə məqsədyönlü addımlar atırdı. Məsələn, 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul edilib. Məhz həmin qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirilib, əsaslı keyfiyyət dəyişikliyinə nail olunub. Bu dövr üçün ən əlamətdar olan hadisə 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsi idi".

Ruhiyyə Mehdiyeva onu da deyib ki, həmin illərdə məktəb tikintisində də irəliləyiş müşahidə edilib:

"Belə ki, 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi".

İctimai Birliyin sədr müavini deyib ki, eyni ilə ali təhsil sahəsində də Ulu Öndərin zamanında ciddi addımlar atılıb, işlər görülüb:

"Heydər Əliyevin sovet Azərbaycana rəhbərlik etdiyi illərdə, yəni 1969-1982-ci illərdə
ölkədə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi".

Ruhiyyə Mehdiyeva deyib ki, Heydər Əliyevin zamanında, 1970-ci ildən başlayaraq hər il azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi də təhsil sahəsində atılan mühüm addımlardan idi. Onun sözlərinə görə, 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil alıb:

"Yuxarıda da qeyd etdiyim kimi, bu günkü Azərbaycan təhsilinin inkişaf və tərəqqisinin təməlində məhz Ulu Öndərin zamanında bu sahədə atmış olduğu addımlar, həyata keçirdiyi məqsədyönlü siyasət dayanır".

Nərgiz Əzizova
Xəbəri paylaş