“Azərbaycan Hava Yolları”na aid sərnişin təyyarəsinin Rusiyanın Qroznıdakı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması versiyası demək olar ki, tam öz təsdiqini tapmaqdadır. Artıq Rusiyanın müxtəlif ekspertləri də bunu etiraf edirlər.
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, belə bir kritik məqamlarda Rusiya Federasiyasının rəsmilərinin hadisəni etiraf etməməsi və Azərbaycandan üzr istəməməsi çoxsaylı suallar yaradır, vəziyyəti daha da gərginləşdirir:
"Üstəlik Mineralnıya Vodı şəhərinə uçan təyyarəmizə enişə icazə verilməməsi, hava məkanlarının blokalnması Rusiyanın müvafiq dövlət idarəçiliyi aparatının sanki ikiyə bölündüyü təsəvvürü yaradır.
Vəziyyət Rusiyanın ikiyə parçalandığını , dövlətin qaranlıq lobbilərin əlində oyuncağa çevrildiyini, sanki Kadırov kimi hərbi avtoritarların gücü ilə haçalandığını seyr edirik.
Sanki Rusiyanı idarə edən gözəgörünməz bir güc var, Moskvanın mərkəzi hakimiyyəti kənarda qalıb, Çeçenistan rəhbərliyi özünü Rusiya rəhbərliyi və ya müstəqil dövlət institutu kimi aparır".
Vaqif Abdullayev deyib ki, Ramzan Kadırov ortaya atılaraq gah hiyləgərlik edir, Azərbaycana maddi kömək, təzminat və s. məsələləri qaldırır:
"Kremlin başsağlığı yerinə, biz Çeçenistanın Rusiya adından hadisəni pulla, maddi yardımla “yola vermək” cəhlərini görürük.
Böyük sayda insan ölümünə səbəb olmuş bu faciəyə bu cür münasibət Rusiya kimi nəhəng dövlətə başucalığı gətirmir.
Sözsüz ki, Azərbaycan Kadırovun və digər şəxslərin bu hərəkətlərini, qəbuledilməz siyasi davranışını rədd edir.
Cənab Prezidentin kəskin və qəti mövqeyi isə ortadadır, Rusiya ilə strateji müttəfiq olsaq belə, bu ağır cinayətin törədilməsinə görə, bütün iştitakçılar layiqli cəzasını almalıdır.
Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın dövlət başçısı prinsipial addımları ilə hadisəyə hüquqi qiymət verilməsini, cinayətin cəzasız qalmayacağını təmin edəcək".
Anatr Əliyev