Dil hər bir xalqın müqəddəs və tükənməz mənəvi xəzinəsidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hər tərəfli inkişafı, zənginləşməsi, yüksək səviyyədə inkişaf edərək beynəlxalq nüfuz qazanması xalqın dəyərli övladlarının adı ilə bağlıdır. Dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin böyük rolu olur.
Azərbaycan dili qədim tarixli dillərdəndir, uzun inkişaf yolu keçib. Azərbaycan dili fikrin və hissiyyatın ən incə çalarlarını ifadə etməyə qadirdir. Dünyada elə mürəkkəb, elə çətin və dərin elmi, fəlsəfi, iqtisadi və s. əsər tapılmaz ki, onu dilimizə tərcümə etməkdə çətinlik çəkək. Təhsil ocaqlarında dilimizin məhəbbətlə öyrənən, dilin gözəlliyini incəliyini duyan, təmiz, səlis və qəşəng danışan, mühazirə oxuyan, məruzə edən, məqalə və kitab yazan gənclər yetişir.
Azərbaycanın gələcəyi üçün əlindən gələni əsirgəməyən, fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli inkişafına daim çalışmış, onun saflığı dövlət dilinə çevrilməsi, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərdən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndərin fərmanı ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildi.
Əlifbamızın ayrılmaz can dostu doğma ana dilimizdir. Heydər Əliyev bütün zamanlarda ana dilimizin xilaskarı kimi fəaliyyət göstərib.
Heydər Əliyevin uzaqgörənliyi, doğma dilimizə övlad yanğısı və münasibəti təkcə Azərbaycanda deyil, bütün türk dünyasında rəğbətlə qarşılandı. Aydındır ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, xalqın sərvətidir. Xalqımızın əsrlər boyu çəkdiyi əzab-əziyyətlər, ona edilən təzyiqlər dilimizdən də yan keçməmişdir. Ancaq bütün təzyiqlərə, hücumlara baxmayaraq xalqımız dilimizin saflığını, şirinliyini qoruyub saxlamış, bugünkü nəslə ərməğan etmişdir.
Səbinə Qarayeva