Əvvəla, memorandum diplomatik yazışma formalarından biri, beynəlxalq siyasi və ya iqtisadi münasibətlərdə geniş istifadə olunan diplomatik sənəddir. Bu terminin latınca tərcüməsi «nəyisə yadda saxlamaq» anlamını verir. Burada tərəflərin hər hansı bir siyasi-iqtisadi məsələyə dair fikir və mülahizələri öz əksini tapır. Yəni bu tərəflər qabaqcadan razılaşdırılmış konkret məqsədə dair mövqelərini bir-birinə təqdim etməsidir. Bu baxımdan, beynəlxalq münasibətlərdə bərabərtərəfli və qarşılıqlı faydalı əməkdaşlıq barədə anlaşma memorandumlarının imzalanması tamamilə normal haldır və lazımdır. Lakin bunun Azərbaycanda rəsmi qurumlar, eləcə də onlarla yerli ictimai təşkilatlar arasında iqtisadi, hüquqi və mədəni münasibətlərinə nə aidiyyatı var?
Bu gün Azərbaycanda müxtəlif dövlət təsisatları, hətta ictimai təşkilatlar arasında əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması bir növ əttökən dəbə çevrilmişdir. Əslinə qalsa, bu «memorandum bürokratiyası» bir para məmurun yerində olmamasından, həm cəmiyyətin, həm də hakimiyyətin yuxarı eşalonunun gözünə kül üfürməsindən, fəaliyyətsizliyini «işgüzarlıq» görüntüsü altında gizlətməsindən başqa bir şey deyildir. Anlaşma memorandumlarının imzalanması mərasimi bir qayda olaraq, təntənəli şəkildə keçirilir, bura jurnalistlər, xüsusilə televiziya kanallarının müxbirləri dəvət olunur, xeyli insan işindən-gücündən ayrılıb salona doldurulur, eyni zamanda tədbirin təşkilinə xeyli dövlət vəsaiti ayrılır. Təbliğat işinin yüksək səviyyədə qurulmasına söz ola bilməz. Ekran görüntülərində iki məmur sənədi imzaladıqdan sonra şəstlə ayağa qalxır, sonsuz fərəh və qürur hissi ilə bir-birinin əlini elə sıxırlar ki, sanki 1945-ci ilin avqustunda Potstam müqaviləsini məhz onlar imzalamışlar. Daha sonra rəsmi strukturun rəhbərləri televiziya kamerası qarşısına çıxaraq digər struktur ilə «birgə fəaliyyət və qarşılıqlı fayldalı əməkdaşlıq» haqqında imzaladıqları memorandumun Azərbaycanın dövlət maraqları üçün nə dərəcədə lazımlı, əhəmiyyətli, hətta taleyüklü olması barədə od püskürməyə başlayırlar. Yəni bu memorandum olmasaydı, ölkə mütləq batacaqdı. Amma bir müddət sonra isə həm memorandum unudulur, həm onun içərisindəki «taleyüklü» niyyətlər yada düşmür…
«Memorandum bürokratiyasının» mətbuatda dərc olunmuş materiallarına baxıram. Nadir qurum tapılar ki, bu tipli şouya əl qoymasın. Məsələn, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Bakı Dövlət Universiteti arasında, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi ilə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında, Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında, Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi arasında, Müdafiə Sənayesi Nazirliyi ilə AMEA arasında, Diasporla İş üzrə Dövlət Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasında, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında «əməkdaşlığa dair anlaşma memorandumu» imzalanmışdır. Bu siyahını istənilən qədər uzatmaq olar. İş o yerə çatıb ki, ali məktəblər, hətta fakultələr arasında da “əməkdaşlıq memorandumları” imzalanır…
Xatırladım ki, Azərbaycan Respublikasının hökumət və dövlət orqanlarının bir-biri ilə əməkdaşlıq etməsi, sıx əlaqədə fəaliyyət göstərməsi normal və zəruri haldır, bu tələb qanunvericilik aktlarında da aydın əks olunub. Birgə fəaliyyətə dair normal tələblərə əməl olunması isə dövlətə və cəmiyyətə minnət deyil, rəsmi strukturlarının vəzifə borcudur! Bu borcun ucuz şouya, az qala minnətə çevrilməsi isə formalizmin, məmurun öz vəzifə və səlahiyyətlərini bilməməsininyuxarıda deyildiyi kimi, işgüzarlıq görüntüsü yaratmağın bayağı təzahürüdür. Belə çıxır ki, bu məmurlardan nümunə götürən həkim və aptek işçiləri, asfalt zavodu və yolçəkənlər, müəllim və valideynlər, mollalarla ölü yiyəsi, kağız-qələm almaq üçün ofis və mağazalar, evdə kimin bazarlıq etməsinə dair ər və arvadlar, mənzildə ictimai sabitliyi bərpa etmək üçün gəlinlər və qaynanalar yaxın gələcəkdə «qarşılıqlı faydalı əməkdaşlıq haqqında anlaşma memorandumları» imzalamağa məcbur olacaqlar. Ayıbdır! Heç olmasa Dövlətə hörmət edin.
Araz Qurbanov