Rusiya mediasının iki gündür ən çox müzakirəyə çıxardığı sual budur: “Çin lideri Tsi Sinpin niyə Rusiya prezidenti Vladimir Putinin dəvətini qəbul etməyərək Moskvaya gəlmədi, bunun səbəbi nədir?”
Bu sual Rusiyanın siyasi və ekspert dairələrini ona görə məşğul edib ki, dəvətin qəbul edilməməsi Rusiya prezidenti Vladimir Putin üçün gözlənilməz olub. Ukraynaya qarşı işğalçı müharibə aparan və Qərbin sərt sanksiyaları ilə üzləşən Putinin dostu Sinpinin Kremlə gəlişinə ehtiyacı var idi. Digər tərəfdən Vladimir Putin bu ilin fevralın 3-də Pekin Qış Olimpiadasının açılışında iştirak etmişdi. Ona görə də Putin düşünürdü ki, Rusiya üçün hazırki ağır vəziyyətdə çinli dostu onun dəvətini qəbul edəcək. Ancaq Putinin çinli dostu fərqli qərar verdi.
Çin lideri Tsi Sinpinin Kreml səfərini təxirə salmasını iki səbəblə izah edirlər.
Birinci səbəb rəsmidir. Çin pandemiyadan qurtulmayıb və Tsi Sinpin iki il ərzində ölkəsindən kənara çıxmayıb. Yəni Tsi Sinpin özünü pandemiyadan ciddi qoruyur. Ancaq Vladimir Putin də Tsi Sinpin kimi özünün iki ildir koronavirusdan ciddi qoruyur, hətta müxtəlif liderlərlə görüşdən əvvəl onların testdən keçirilməsini tələb edir. Putin testdən keçməyənlərə əli ilə görüşmür, onlarla uzun masada müzakirə aparır. Misal üçün Fransa prezidenti Emmanuel Makron Putinin test tələbini yerinə yetirmədiyinə görə Kremldə uzun masada otuzdurulmuşdu. Ancaq Putin üçün Makronla Tsi Sinpin arasında böyük fərq var. Buna baxmayaraq, Tsi Sinpin Moskvaya getməməyə qərar verib. Rusiya mediası Kreml sahibinin pərt vəziyyətə düşməməsi üçün belə bir xəbər yayıb ki, guya Tsi Sinpin Honkonqa səfəri zamanı regional dövlət xadimlərindən birində koronavirus aşkarlanıb və Çin lideri özünü təcrid rejiminə keçib.
Çin liderinin Moskva səfərinin təxirə salmasının ikinci versiyası da var. Pekin Moskvanın strateji tərəfdaşı sayılsa da, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə tərəf tutmaq istəmir. Əlbəttə, Çin Qərb ölkələri kimi Rusiyanın işğalçı müharibəsini tənqid etmir. Ancaq Pekin eyni zamanda Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını gizlətmir. Bu səbəbdən Tsi Sinpin Moskvaya səfərlə Rusiyanın siyasətini təsdiqləmiş kimi görünmək istəməyib. Çinin əsas iqtisadi maraqları ABŞ və Avropa ölkələri ilə bağlıdır. Pekinin Vaşinqtonla münasibətlərdə gərginliyi mövcud olsa da, Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumaq istəyir.
Səfərin təxirə salınması Rusiyanın siyasi və ekspert dairələrində bu sualı da gündəmə gətirib: “Çin nə dərəcədə etibarlı tərəfdaşdır?”
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri