Türkiyə bu iki dövlətin NATO-ya üzvlüyünə etrirazını geri götürdükdən sonra gözlənildiyi kimi, Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı protokol imzalayıb. Rusiyanın kəskin etirazına və hədəsinə baxmayaraq NATO öz genişlənmə siyasətini həyata keçirir. NATO-nun genişlənməsi sözsüz ki, Rusiyanın dövlət kimi təhlükəsizliyinə bir başa təhlükədir, ancaq bu vəziyyətdə Rusiyanı daha çox narahat edən neytral Isveç və Finlandiyanın rəqib hərbi bloka üzvlüyünün psixoloji, siyasi və hərbi təsiridir. Rusiyanın beynəlxalq siyasi-hərbi güç kimi, imicini formalaşdıran əsas meyar sözsüz ki, onun keçmiş SSRİ respublikalarında olan mövqeyidir. Həmin mövqeyi laxladan isə Rusiyanın müharibəsi, təhdidləri fonunda bu iki neytral dövlətin hərbi alyansa yeni üzvlüyünün özünün baş tutmasıdır.
İndiki vəziyyətdə Rusiyanı da ən çox narahat edən və qorxudan bu prosesdən sonra keçmiş SSRİ respublikalarının NATO-ya meylinin güclənməsi məsələsidir. Rus "Davosu"nda Qazaxıstan prezidenti Tokayevin qondarma DXR və LXR-ı barədə Rusiya prezidenti Putin önündə aydın və cürətli çıxışı, faktiki demarşı Rusiyanın və Putinin ehtiyat etdiyi həmin o qoxusunun göstəricisidir.
Özbəkistanda Qaraqalpaqda olan ixtişaşlar da məhz Rusiya ilə əlaqəli prosesdir. SSRİ dövründə Kreml tərəfindən respublikalarda dövlət formalı muxtariyyatların yaradılması bu respublikaların Rusiyadan uzaqlaşmasını əngəlləmək məqsədi daşıyıb və bu gün də yararlı bir vasitə olaraq Rusiya tərəfindən istifadə olunur. Keçən əsrin 80-ci illərin sonuda istiqlal yoluna çıxan Azərbaycana qarşı da məhz bu üsuldan-"Dağlıq Qarabağ Muxtar Vilayəti"ndən istifadə olundu. Rusiya bu gün də Özbəkistanda süni " muxtariyat"dan istifadə etməklə öz siyasi məqsədini və mövqeyini qorumaq istəyir. Ancaq SSRİ-ni belə süni muxtariyyatlar qoruya bilmədi, əksinə onun yıxılmasını sürətləndirdi. Rusiya da SSRİ-nin getdiyi yolu getməklə o böyük səhvi təkrarlayır. Hətta, Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini mümkünsüz edən provokasiyanı həyata keçirmək istəyinin olması da aydın görünür, yoxsa Azərbaycan Ordusunun hazır vəziyyətə gətirilməsinin başqa nə izahı ola bilər.
Keçmiş SSRİ respublikalarından Ukraynanın, Gürcüstanın, Moldovanın NATO-ya üzvlüyü praktik olaraq mümkündür, ancaq bu proses Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibə ilə bağlı məsələdir. Azərbaycanın NATO-ya üzvlük məsələsinə gəldikdə isə, Rusiyada ilə müttəfiqlik barədə anlaşma indiki vəziyyətdə bunu istisna edir, digər tərəfdən Azərbaycan qardaş Türkiyə ilə rəsmi və real müttəfiqdir. Türkiyə isə NATO-nun əsas oyunçusu kimi, Azərbaycanın NATO-ya üzvlük məsələsini gündəmdən çıxarır və həm də Azərbaycan, Türkiyə özü bir güc mərkəzidir və dünya artıq bunu reallıq kimi qəbul edir, hesablaşır.
Digər tərəfdən Azərbaycan Qoşulmama Hərakatının lideri kimi, hər hansı hərbi bloka üzvlüyə maraqlı deyil. Elə çoxlu təhdid və təzyiqlərə baxmayaraq, Rusiya potranajında olan Kollektiv Təhlükəsuzlik Müqaviləsi Təşkilatına (KTMT) Azərbaycanın üzv olmaması da bu əsaslardan biridir. Seçilmiş xətt Azərbaycanın hərbi bloklarda tərəfsizliyi ilə onun beynəlxalq arenada manevr imkanlarını genişləndirir. Azərbaycanın tərəfsizliyi onun beynəlxalq nüfuzunu möhkəmləndirir və ən əsası da rəqib tərəflərin hədəfinə çevirmir. Bu isə o deməkdir ki, Azərbaycan öz dövlət və milli maraqlarını təmin etmək üçün əlverişli şərait əldə etmiş olur. Ona görə də Azərbaycan hər hansı hərbi blokda üzvlükdə maraqlı deyil.
Yeri gəlmişkən, Rusiya Ukrayna müharibəsində faktiki iki rəqib tərəflər NATO və KTMT özləri öz daxilində fikir ayrılıqları və ya tərəddüd yaşayır və müəyyən mənada üzv dövlətlər ümumi təhlükəsizlik adı ilə maraqlarını qurban verməyə məcbur edilir. Əslində də hərbi bloklara üzvlük üzv dövlətin geniş mənada təhlükəsizliyinin təmini yox, hansı güclünün tərəfində olduğunun seçimidir və bu seçim faktiki könülsüzdür.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq