Heyvan hüquqları ilə bağlı müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycan Respublikasında heyvan hüquqları kifayət edəcək səviyyədə qorunmur. Belə ki, sosial şəbəkələrdə ölkə vətəndaşlarının həvəskar çəkilişləri zamanı şahidi oluruq ki, heyvanlar işgəncə və amansız rəftara məruz qalır. Bu hallar ölkədə, demək olar ki, hər gün, hər həftə, hər ay baş verir. Bir hüquqşünas kimi düşünürəm ki, heyvan hüquqlarının müdafiəsi sahəsində həm qanunvericilik aktlarına dəyişiklik edilərək bu sahədə məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir. Vətəndaşları isə bu cür hadisələrə qarşı həssas davranış nümayiş etdirməyə dəvət edir, habelə heyvanlara qarşı rəhmsiz davranış gördükləri təqdirdə dərhal video çəkiliş edərək aidiyyəti qurumlara və şəxslərə göndərmələrini tövsiyyə edərdim. Hesab edirəm ki, bu sahədə jurnalistlər də olduqca aktiv olmalıdır. Çünki jurnalistlərin bu kimi halları işıqlandırmaları ölkə daxilində müsbət mənada rezonansa səbəb olur və ictimai qınağın təsir sferasının da genişlənməsinə səbəb olur.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir. 31 may 2007-ci il tarixli "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilmişdir. Həmin Konvensiyanın 3.1-ci maddəsinə əsasən heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz. "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranması nəticəsində onları şikəst və ya tələf etdikdə məsuliyyətə səbəb olur.
Bir də təəssüf doğuran hal ondan ibarətdir ki, Azərbaycanda Avropa və Amerikada olduğu kimi uşaqlara heyvan sevgisi kiçik yaşlarından aşılanmır. Məsləhətim o olardı ki, hər bir valideyn uşağına kiçik yaşlarından heyvanların pis olmadığını, onların zərərsiz və məsum olduğunu aşılasın və onlara qarşı uşaqlarının qəlbində sevgi yaratsın. Heyvanları sevən uşaqların insanlara da bir zərəri dəyməz. Qəlbində heyvan sevgisi olmayan uşaq insanları da sevə bilməz. O uşaqdan cəmiyyətə yararlı bir fərd də yetişməz. Heyvana qarşı amansız rəftar edən şəxsdən isə hər cür pisliyi gözləmək mümkündür.
Əli İbrahimov-hüquqşünas