Ermənilər bu günlərdə Laçın və ətraf kəndlərdən çıxmalıdırlar. Son 10 gündür ki, onların torpaqlarımızı tərk etmələrinə dair görüntülər yayılır. Ermənilər evlərimizi, meşələrimizi yandırsalar da, artıq başqa variantın olmadığını anlayırlar. Bu günlərdə Laçındakı evlərini tərk etməyə məcbur qalan ermənilər aksiya keçirirdilər. Bu da bir daha onların fakt qarşısında aciz qaldıqlarını göstərir. Görünür, rəsmi İrəvan da bu məsələdə israrlıdır.
Amma ermənilərin xislətlərinə sadiq qalaraq təxribat törətmələri istisna deyil. Bu, müxtəlif formalarda, o cümlədən ərazilərin minalanması ilə həyata keçirilə bilər. Bu, ermənilərin psixologiyasındakı problemin təzahürüdür.
Bu günlərdə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının Laçına getməsi əslində ciddi mesaj idi. Bu, bir tərəfdən artıq bizim həmin kəndlərə qayıtmağımızın göstəricisi idi. İkincisi isə, ermənilər başa düşməlidir ki, meşələrimizi yandrmaqla nəyəsə nail ola bilməzlər. Azərbaycan dövləti də, xalqı da bir qarış torpaöını özgəsində qoymaz.
Meşələrin yandırılması ekoloji terrordur. Bu əməl beynəlxalq hüquqla tənzimlənir. Yəni ermənilər təbiətimizə vurduqları əmələ görə məsuliyyət daşıyırlar və mütləq cavab verəcəklər.
İndiki məqamda ermənilərin meşələri, evləri yandırmaqdan başqa bir şey edə bilməzlər. Siyasi hakimiyyətin Laçın kəndlərinin boşaldılması məsələsindəki iradəsi hiss olunur. Amma dediyimiz kimi, provokasiya ehtimalı var. Bu isə böhranı fürsətə çevirməyimizlə nəticələnə bilər. Əgər Laçın kəndlərində hansısa sabotaja rast gəlinərsə, Azərbaycan ordusu növbəti anti-terror əməliyyatına başlaya bilər. İstənilən təxribat “Qisas”ın davamının gəlməsi üçün tutarlı əsasdır.
Bundan başqa, Rusiyanın, o cümlədən oradakı sülhməramlıların iştirakı ilə hansısa sabotaj baş verə bilər. İndiki məqamda “suları bulandırmaq” Kremlin maraqlarına uyğundur. Əgər Moskva etimad mühitinə zərbə vurmaq, prosesləri tormuzlatmaq üçün Laçın istiqamətində hansısa addım atarsa, bu zaman şimal qonşumuza etirazımızı bildirməliyik. Həmçinin ehtimal edilən sabotaj Qarabağda müvəqqəti yerləşmiş rus hərbçilərinin ərazini vaxtından əvvəl tərk etmələri üçün növbəti səbəbə çevrilə bilər. Çünki sülhməramlılar Qarabağdakı sabitliyə görə məsuliyyət daşıyırlar. Onların vəzifələri ərazidəki asayişi qorumaqdır.
Beləliklə, Laçında hansısa pis nəticənin olması ehtimalı yoxdur. Ermənilar və ya hansısa üçüncü qüvvə təxribatlardan “kozur” kimi istifadəyə cəhd edərlərsə, onlara “tuz kozur”la cavab verəcəyik.
Kənan Novruzov-siyasi ekspert