Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı bundan sonra da yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək

Azərbaycan xalqı bundan sonra da yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək


44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.

Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı;

Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Böyük ehtimalla yaxın aylarda - rus politoloqun da dediyi kimi, bu il 10 noyabra qədər Cənubi Qafqazda həlledici hadisələr baş verə bilər... Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın problemi həll edildiyindən, indi rəsmi Bakının əsas hədəfi birbaşa Xankəndidir...

Ermənistanda dövlətçilik üçün ən ciddi təhlükələrdən biri də ölkədaxili ziddiyyətlər hesab oluna bilər. Çünki, Ermənistanın bundan sonra hələ uzun müddət daxili qarşıdurma mərhələsində ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, savaş meydanında və diplomatiya masası arxasında uğradığı ağır məğlubiyyətlərin real təsirlərinin artıq Ermənistanın daxilinə sıçradığı açıq-aşkar nəzərə çarpır.

Məsələ ondadır ki, indi Ermənistan cəmiyyəti hərbi və diplomatik məğlubiyyətlərə günahkar axtarışındadır. Paşinyan hakimiyyəti özündən əvvəlki iqtidarı - Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanını suçlayır. Qarabağ klanı isə Paşinyan hakimiyyətini Ermənistanın bütün biabırçı məğlubiyyətlərinin yeganə baiskarı hesab edir.
Üstəlik, bu qarşıdurma hər ötən gün daha da güclənərək, intensivləşir. İndi Ermənistan yeni siyasi böhrana sürətlə yaxınlaşır. Buna əlavə olaraq, 10 milyard dollar xarici borcu olan Ermənistanda maliyyə-iqtisadi böhranın da qaçılmaz olduğu artıq şübhə doğurmur. Yəni, Ermənistanı yaxın vaxtlarda dərin daxili xaos gözləyir.

Təbii ki, Ermənistanın indiki vəziyyəti erməni diasporunu da sarsıtmağa başlayıb. Erməni diasporu son vaxtlar Ermənistanın düşdüyü durumdan xilas edilməsində aciz duruma düşüb. Adətən, ənənəvi "erməni xəyalları" uğrunda mübarizəni lobbiçilik fəaliyyəti üzərində quran erməni diasporu artıq bu istiqamətdə elə bir ciddi uğur qazana bilmədiyindən, küçələrə çıxmaq məcburiyyətində qalıb.

Təbii ki, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı münasibəti elə bir təəccüb doğurmur. Ancaq Rusiyanın açıq hədəfə alınması bir qədər gözlənilməz xarakter daşıyır. İndi erməni toplumu Rusiyanı Ermənistanın məğlubiyyətlərində əsas xarici günahkar kimi qəbul edir. Və ermənilər arasında Rusiya əleyhinə əhval-ruhiyyə güclənərək, dərinləşir.

Halbuki, cəmisi bir neçə ay əvvələ qədər erməni siyasi elitası Rusiyanı Ermənistanın təhlükəsizlik maraqlarının əvəzolunmaz qarantı elan edirdilər. Rus sülhməramlıların missiyasının müddətinin uzadılmasında israrlı mövqe tuturdular. Hətta unudurdular ki, rus sülhməramlıların missiyasını uzatmaq və ya onları Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxartmaq birmənalı şəkildə rəsmi Bakının siyasi iradəsinə bağlıdır. Və bu baxımdan, beynəlxalq sülhməramlılar barədə tələblər də sadəcə, ənənəvi "erməni xəyalı"ndan başqa bir şey deyil.

Ermənistan silahlı birləşmələrinin tez bir zamanda çıxarılması barədə düşünməlidirlər. Və Kremlin rəsmi İrəvana üçtərəfli anlaşmaların icrasının vacibliyini xatırlatması da Rusiyanın bu mövqedə olduğunu göstərir.

Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq İqor Korotçenko da vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərində qanunsuz olaraq, qalan silahlı dəstələrini dərhal çıxartmalıdır: "10 noyabr 2022-ci il tarixinə qədər Azərbaycan ərazisində bir nəfər də silahlı erməni qalmamalıdır. Buna paralel olaraq, Qarabağda olan bütün separatçı qurumlar ləğv olunmalıdır və onların funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər".

Təbii ki, Ermənistanda Rusiyanın üçtərəfli anlaşmaların icrasında israrlı mövqe tutmasından həm məyusdurlar, həm də ciddi şəkildə narazıdırlar. İrəvanda nəşr olunan "Lragir" qəzeti hesab edir ki, Rusiya Ermənistan ilə açıq qarşıdurma mərhələsinə start verib: "Zaman keçdikcə, aydınlaşır ki, Rusiyanın Ermənistana münasibəti ermənilərin kölə edilməsinə hədəflənib. Ona görə də, Rusiya Ermənistanı xaosa sürükləməyə çalışır".

Ermənistan mətbuatı son vaxtlar Rusiya ilə münasibətlərin hərbi müttəfiqlik çərçivəsindən ciddi şəkildə kənara çıxdığını vurğulayır. İddia olunur ki, münasibətlərin korlanmasından sonra Kreml rəsmi İrəvana öz davranışlarına diqqət edərək, ehtiyatlı olmağı "məsləhət" görür. Və Rusiya hazırda əsasən rəsmi İrəvanın Kremllə Qərb arasında prinsipial seçim etməkdən yayınmağa çalışmasından ciddi şəkildə narazıdır.

Erməni politoloq Vaqe Ovannisyan isə Ermənistanın son vaxtlar çox təhlükəli daxili qeyri-sabitlik dönəmindən keçdiyini düşünür. Onun fikrincə, ölkə daxilində baş verən qorxunc hadisələrin bir çoxu rəsmi İrəvana yönəlik xarici xəbərdarlıq mesajıdır: "Əgər, bu mesajların əsas məqsədini düzgün anlamasaq, Ermənistan uzun müddət bu dəhşətli mərhələdən çıxa bilməyəcək".

Hətta rəsmi İrəvanın Ermənistana köçən ermənilərin ölkəni tərk etmələri üçün sosial və psixoloji təzyiqlər göstərdiyi də artıq kimsəyə sirr deyil. Və belə vəziyyətdə Ermənistana getmək əvəzinə Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağda yaşamaq real alternativ olaraq, diqqəti çəkir.

Ancaq bütün bunların baş verməsi üçün əvvəlcə Ermənistan silahlı birləşmələri Xankəndi və ətraf bölgədən çıxarılmalıdır. Ardınca erməni separatçıların silahlı terrorçu dəstələri də tərksilah olunmalıdır. Və separatçı-terrorçuların hamısı Azərbaycan ərazisini tərk etməlidirlər.

Böyük ehtimalla bütün bu proseslər yaxın aylarda reallığa çevrilə bilər. Hər halda, rus politoloqun da dediyi kimi, bu il 10 noyabra qədər bu istiqamətdə olduqca ciddi irəliləyişlər ola bilər. Hər halda, Paşinyan hakimiyyəti də, Araik Arutyunyanın separatçı-terrorçuları da anlayırlar ki, Laçın problemi həll edildiyindən, indi rəsmi Bakının hədəfi birbaşa Xankəndidir. Və Kremlin də rəsmi Bakının hədəflərinə loyal yanaşdığını nəzərə aldıqda, Xankəndidə Azərbaycan bayrağının yaxın aylarda dalğalanacağı qətiyyən şübhə doğurmur.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu
Xəbəri paylaş