Fransa prezidenti Emmanuel Makronun bir müddət əvvəl yerli mediaya verdiyi müsahibədə Azərbaycanla bağlı heç də xoş olmayan fikirlər səsləndirməsi, açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsi cəmiyyətimizdə birmənalı olaraq etiraz doğurub. İctimaiyyət nümayəndələri, cəmiyyətin müxtəlif təbəqələri Fransa prezidentinin məlum mövqeyinə qarşı öz kəskin etirazını bildirib, Makronun Azərbaycanı hədəf götürən fikirlərini kəskin tənqid ediblər. Xüsusilə, gənclər Fransa prezidentinin fikirlərini qəbuledilməz hesab edərək müxtəlif vasitələrlə öz iradlarını Makrona çatdırmağa çalışıblar. Newscenter.az xəbər verir ki, belə gənclərdən biri də ADA Universitetinin tələbəsi Cahanə Hüseynlidir.
Cahanə Hüseynli Makrona ünvanladığı müraciətdə onu Cənubi Qafqazda gərginlik yaratmağa deyil, sülhə dəstək verməyə çağırır: "13 oktyabr tarixində Sizin "Fransa2" kanalında "Lchr("39")Evenement" proqramına verdiyiniz müsahibəni dinlədim. Həmin müsahibənin Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam edən müharibə və münaqişənin yenidən alovlanmasına səbəb ola biləcəyini düşünüb bundan böyük narahatçılıq keçirdiyim üçün Sizə bu müraciəti ünvanlamağı qərara aldım. Mən Azərbaycan Diplomatik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin tələbəsiyəm. Yazıb Sizə məlumat vermək istərdim ki, 30 ildən artıq davam edən işğal və birinci Qarabağ müharibəsi dövründə (1991-1994) Ermənistan ordusu Rus qoşunlarının köməyi ilə Azərbaycan Respublikasının torpaqlarının 20 faizdən artıq (4.4 min kv.km Dağlıq Qarabağdan əlavə 7.0 min kv.km ərazini) ərazisini işğal edib. Nahayət, ikinci Qarabağ müüharibəsi zamanı (2020-ci il 27 sentyabr-10 noyabr) dövründə Azərbaycan ordusu Dağlıq Qarabağa aid olmayan işğal olunmuş Kəlbəcər, Laçin, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonları və Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini işğaldan azad edib. İşğal ərzində həmin ərazidə yaşayan 1 milyondan artıq insan öz doğma yurdundan qovulub, minlərlə günahsız insan qətlə yetirilib, girov və əsir götürülüb. Bu günə qədər 4 min nəfərdən artıq itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi məlum deyildir. Köçkün düşmüş insanlar 30 il ərzində çadırlarda, vaqonlarda və müxtəlif qeyri-yaşayış ərazilərində məcburi qaydada yaşayıblar və bu müddət ərzində öz doğma torpaqlarına, ev-eşiklərinə qayıdacaqlarını gözləyiblər".
BMT-nin 4 qətnaməsinə (823, 852, 874, 884 saylı) Ermənistanın ötən 30 ildə məhəl qoymadığını diqqətə çatdıran Cahanə Hüseynli bildirib ki, Ermənistan Azərbaycanın 1992-ci ildə BMT tərəfindən tanınmış ərazilərini zəbt edib, Azərbaycanın torpaqlarını işğala məruz qoyub, ötən 30 il ərzində milyonlarla insan didərgin salınıb, 50 minə yaxın insan həlak olub, 100 mindən artıq insan xəsarət alıb:
"Torpaqlarımız, şəhər və kəndlərimiz viran qoyulub, mədəniyyət, dini-tarixi abidələr məhv edilib, ərazilər minalanıb. 1992-ci ilin fevralın 26-da Ermənistan Dağlıq Qarabağ ərazisində yerləşən azərbaycanlıların yaşadığı Xocalı qəsəbəsində Azərbaycan əhalisinə qarşı soyqırım törədərək bir qəsəbənin 672 sakinini (azyaşlılar, qadinlar və yaşlılar) qətlə yetirib və onlarla insana xəsarət yetirərək əsir götürüb. Bu günə qədər bu hadisəni onlarla ölkə Xocalı soyqırımı kimi qəbul etsəvdə, çox təəssüflər olsun ki, dünyanın demokratiya mərkəzi sayılan Fransa parlamenti bu məsələyə baxmayıb və bu günə qədər də Xocalı soyqırımına biganə qalmaqdadır".
Dağlıq Qarabağda yaşayan erməni əsilli insanların yüz illər ərzində Azərbaycan əhalisi ilə sülh, firavanlıq şəraitində yaşadıqlarını Fransa prezidentinin diqqətinə çatdıran Cahanə Hüseynli Makrona onu da xatırladır ki, 1987-ci ildə erməni əsilli akademik Aqanbekyanın Fransa nəşrləri "Figaro" və "Humanite" qəzetlərinə verdiyi əsassız və qərəzli müsahibəsindən sonra, eləcə də bəzi xarici ölkələrdə yaşayan erməni əsilli insanların təhriki ilə Dağlıq Qarabağda bu münaqişə süni olaraq yaradılıb və nəticədə belə ağır fəsadlara səbəb olub:
"Mən bir daha Sizə müraciət edib belə bir münaqişənin həllinə sülh yolu ilə nail olunmasına, müharibəyə son qoyulmasına yardımçi olmağınızı xahiş edirəm. Biz Azərbaycan xalqı, vətəndaşları, gənclər və tələbələr Cənubi Qafqazda əmin-amanlıq, sabitlik və sülh şəraitində birgə yaşayış qaydaları əsasında yaşamaq istəyirik. Fransada yaşayan erməni əsilli insanlardan xahiş edirik ki, onlar Cənubi Qafqazda uzun illər sülh şəraitində bir yerdə yaşamiş erməni əsilli adamların taleyi ilə oynamasınlar. Azərbaycan və erməni xalqları Cənubi Qafqazda sülh və əmin-amanlıq şəraitində beynəlxalq hüquq norma və prinsipləri əsasında yaşamaq arzusundadırlar. Azərbaycan tolerant bir respublikadır, bu gün də Azərbaycanda 30 mindən artıq erməni əsilli insanlar yaşamaqdadır. Qarabağ ərazisində yaşayan erməni əsilli insanlar da Azərbaycan vətəndaşlığı ilə sülh əmin-amanlıq mühitində yaşamaq hüququna malikdirlər. Eyni zamanda onlar da müxtəlif dini təriqətlərinə baxmayaraq Azərbaycandakı 30-a yaxın millət və xalqlar kimi tolerantlıq-multikultural, vətəndaş hüquq və azadlıqları ilə təmin olunmaqla yaşaya bilərlər. Azərbaycan dövləti bunun zəmanətçisidir".
Cahanə Hüseynli daha sonra bunları qeyd edir:
"Bir məsələni Sizə anlatmağı özümə borc bilirəm ki, Azərbaycan Respublikası, orta əsrlərin böyük dövlətləri və imperiyalarının varisidir. XIX əsrdə Çar Rusiyası tərəfindən Azərbaycanın Şimal hissəsi işğal olunmuş və Azərbaycan iki hissəyə bölünmüşdür. Cənub hissəsi isə hazrda İran İslam Respublikası ərazisində qalmaqdadır. 28 May 1918-ci ilsə Azərbaycan Şərqdə ilk demokratik respublika yaratmış və məhz 1920-ci il yanvar ayında Paris Sülh konfransında onun müstəqilliyi tanınmışdır. Daha sonra Sovet Rusiyası 28 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikasını işğal etmişdir. Həmin vaxt onun ərazisi 114 min.kv km olmuş və 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edərkən ərazisi 86.6 min.kv km idi. Yerdə qalan əraziləri Sovet İttifaqı zaman-zaman Ermənistana (Zəngəzur, Basarkeçər və s.), Gürcüstana (Borçalı) və Rusiyaya (Dərbənd) qatıb. Ermənistan ərazisində yaşayan 1 milyon azərbaycanlı öz dədə-baba yurdlarından köçürülüb didərgin salınıb. Bir tarixi ədalətsizliyi də qeyd edirəm. Azərbaycan dünyada yeganə dövlətdir və xalqdır ki, onun ərazisi XIX əsrdə iki yerə bölünüb, bu gün də 35 milyona yaxın Azərbaycan əhalisi İran İslam Respublikası ərazisində və əsarətində yaşamaqla və heç bir insan hüquqları ilə təmin olmayıb".
Sonda müraciət müəllifi onu da qeyd edir ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birdir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur:
"Bir daha Sizdən rica edirik, Cənubi Qafqazda sülhün, əmin-amanlığın qorunmasına və Ermənistanla Azərbaycan Respublikalarının sülh müqaviləsinin bağlanmasına dəstək və kömək olasınız. Əlbəttə, mən bu müraciətimi uzun-uzadı yazıb Sizin vaxtınızı almaq niyyətində deyiləm, bu həqiqətləri artıq dünya birliyi qəbul edib. 2021-ci ildə mən atam Cahangir Hüseynov ilə birgə qələmə aldığımız "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" tarixi əsərimizdə bütün bu hadisələrə geniş yer verilib. Qarabağın qədim tarixindən son Qarabağ münaqişəsinə qədər bütün tarixi hadisələr həmin kitabda əks olunub. Həmçinin kitabın sonunda biz Azərbaycan və Ermənistan xalqlarına müraciət edib müharibələrə və münaqişələrə son qoyulmasını, Cənubi Qafqazda sülhün əldə olunmasını, erməni və Azərbaycan xalqlarının uzun əsrlər boyu birgə yaşayıb, adət-ənənələri, tarixi bağlılıqların nəzərə alınmaqla yenidən sülh şəraitində yaşamasının mümkünlüyünü müraciətimizdə bəyan etmişik. Qələmə aldığımız və Türkiyə türkcəsinə uyğunlaşdırılaraq 2022-ci ildə Bakıda və İstanbulda nəşr olunan "Yeni Qarabağnamə-Qarabağ Azərbaycandır" əsərimizi və fransız dilində kitaba əlavə olunmuş sülh müraciətimizi Sizə göndərirəm".
Anar