İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabı məktəb direktorlarının iştirakı ilə müzakirə olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məktəb direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi platforma haqqında məlumat verib, kitabın ərsəyə gəlməsi prosesi haqqında danışıb. Bildirib ki, kitab Azərbaycan təhsil ictimaiyyəti üçün dəyərli mənbədir.
BŞTİ-nin müdiri M.Vəliyeva dünyaca məşhur təhsil mütəxəssisi A.Şleyxerin təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək istiqamətində apardığı tədqiqat işləri, həmçinin “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının təhsil idarəçiləri, təhsilverənlər və ümumilikdə təhsil ictimaiyyəti üçün əhəmiyyətindən söz açıb. İdarə müdiri bildirib ki, kitabda öz əksini tapan bacarıqlı təhsil liderlərinin inkişaf etdirilməsi, məktəb muxtariyyətinin uyğun səviyyəsinin tapılması, inzibati məsuliyyətdən peşəkar hesabatlılığa keçid, müəllimlər, şagirdlər və valideynlər üçün həvəsləndirici tədbirlərin təşkili, XXI əsrin müəllimləri, fərqli şagird tipləri və digər bu kimi önəmli mövzuların təhlili təhsil liderləri və məktəblərimizin müasir dünya ilə ayaqlaşmağı necə bacaracağını bilmək istəyən hər kəs üçün dəyərli tədqiqat nümunələridir.
“T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı barədə məlumat verib. Həmçinin müəllifin kitabda müraciət etdiyi mövzuların son dərəcə aktuallığından, ayrı-ayrı ölkələrin təhsil təcrübələri və statistik göstəricilərinə əsaslanaraq təhlil olunmasından danışıb.
Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.