Kəlbəcərdə daha 8 nəfərin minaya düşməsi erməni terrorunun davam etdiyini bir daha təsdiqləyir. Məsələ burasındadır ki, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumat verməyən Ermənistan postmünaqişə dövründə də təxribatları davam etdirir. İşğaldan azad edilmiş ərazilər yenidən minalarla çirkləndirilir, bu da müharibədən sonra insanların, xüsusilə də mülki şəxslərin həlak və ya əlil olması deməkdir. Yəni, Ermənistan bunu məqsədli şəkildə edir. Bundan əvvəl Kəlbəcərdə hətta media nümayəndələri də mina terrorunun qurbanı oldu. Amma təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı təzyiq və ya çağırış edilmədi. Prezident İlham Əliyev dəfələrlə ən ali tribunalardan bu problemi gündəmə gətirib, işğal dövründə Ermənistanın ərazilərimizə bir milyondan çox mina basdırdığını bəyan edib.
Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların toplantılarında diqqətə çatdırılıb ki, Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur.
K.Nurullayeva qeyd edib ki, sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi və piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Erməni hərbçiləri də dəfələrlə Azərbaycan ərazilərində mina basdırdıqlarını etiraf ediblər. Müharibədən sonra da Gümrüdə istehsal edilən minalar ərazilərimizə basdırılır. Məqsəd isə aydındır – postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını əngəlləməkdir.
"İşğaldan azad olunmuş ərazilərə qayıdış, bərpa-quruculuq üçün bu gün ən böyük maneə məhz Ermənistanın basdırdığı minalardır. Azərbaycan haqlı olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edir. Beynəlxalq ictimaiyyət bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməlidir", - deyə deputat diqqətə çatdırıb.