"ADA Universitetinin Təşkilatçılığı ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər artıq bir ənənə alıb və bu cür tədbirlər müxtəlif məsələlərin müzakirəsi, o cümlədən də Azərbaycan həqiqətlərinin beynəlxaq ictimaiyyətin diqqətinə çatdırlması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlərdə ölkə başçısının iştirakı isə regionda və dünyada gedən prosseslərə Azərbaycanın rəsmi mövqeyinin təqdimatı baxımından xüsusilə önəmlidir".
Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, xüsusilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atılan addımların təbliğinə geniş yer verilir:
"Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir.
Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum da bu baxımdan xüsusi diqqət çəkir. Forumda çıxış edən Cənab İlham Əliyev 30 illik işğal dövrünün reallıqlarından, tarixi Zəfərimizi şərtləndirən amillərdən, postmünaqişə mərhələsinin əsas hədəflərindən olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından, həmçinin ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin işğalçı dövlət tərəfindən uzadılmasından bəhs edərək Azərbaycan maraqlarını və Azərbaycan mövqelərini ustalıqla və yüksək səviyyədə nümayiş etdirmiş oldu".
Politoloq qeyd edib ki, dövlət başçısı İlham Əliyev Forumda 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda son üç ildə aparılan bərpa-quruculuq işlərindən danışaraq qeyd etdi ki, keçmiş məcburi köçkünlərə maksimal həyat şəraitini yaratmaq üçün əlimizdən gələni etməyə çalışırıq:
"Həqiqətən də hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq və yenidənqurma işlərinin səviyyəsinə baxdıqda görürük ki, görülən işlər ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan istifadə edilərək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin çıxışında Qarabağda bərpa quruculuq işlərinin həyata keçirilməsində əsas maneənin basdırılmış minalar olduğunu qeyd etməsi isə dünyanın diqqətini növbəti dəfə ərazilərimizdəki mina probleminə yönəltmək baxımından olduqca əhəhmiyyətli oldu.
Dövlət başçısı çıxışında tarixi Zəfərimizin reallıqlarından, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan məqamlardan, dünyanın ikili standatlara əsaslanan siyasətinin yaratdığı problemlərdən də geniş bəhs etdi və ayrı-ayrı ölkələrin fəlaiyyətinin vəziyyəti gərginləşdirməyə xidmət etdiyini açıq şəkildə bəyan etdi. Fransanın prosseslərdə oynadığı destruktiv mövqe, o ümlədən Fransa və Hindistanın Ermənistanı silahlandırması istiqamətində atdığı addımlar təbii olaraq sülhə töhfə vermir əksinə yanan oda benzin tökməyə bənzəyir.
Prezidentin çıxışında həmçinin Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif etməsindən, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmasının vacibliyindən bəhs edərək bu reallığı da forum iştirakçılarının diqqətinə çatdırdı ki, otuz ildən artıq davam edən işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq.
Sülh müqaviləsinin prinsipləri tərtib edilib Ermənistana göndərildi, lakin yenə də sükut oldu. Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil. Prezident haqlı olaraq bəyan etdi ki, Ermənistan və beynəlxaq birlik həqiqətən sülhdə maraqlıdılarsa o zaman bəyanatlardan real addımlara keçməlidirlər.
Onu da qeyd edim ki, cənab Prezidentin Forumunda bu və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər dünya KİV-lərinin də diqqət mərkəzindədir. Türkiyənin və ümumiyyətlə Türk Dövlətləri Təşkilatı ölkələrinin aparıcı televiziya və media qurumları, Ərəb ölkələrinin media orqanları, Serbiya və Macarıstanın kütləvi informasiya vasitələri, Ukrayna, Gürcüstan, Rusiya və digər ölkələrin mətbuat və televiziyalarında dövlətimizin başçısının fikirlərinə geniş yer verilib.
Bütün bunlar bir daha həm Azərbaycanın beynəlxalq birlikdəki mövqeyinin və o cümlədən də ölkə başçısının nüfuzunun bariz göstəricisi hesab oluna bilər".
Anar Əliyev