Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq. O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq.
Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir.
Mehman Mehdiyev