Ötən il Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə 15 min 759 cinayət hadisəsi törədilib, onların 87,4 %-nin açılması təmin olunub.
Bu barədə Newscenter.az-a Bakı Şəhəri Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvar ayının 17-də Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhər prokurorluğu və Bakı şəhərinin rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirə iştirakçıları tərəfindən öncə Ümummilli lideri Heydər Əliyevin, və Azərbaycanın ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olan əsgər və zabitlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” olan 2024-cü ildə növbədənkənar prezident seçkilərinin keçirilməsi və COP29 beynəlxalq konfransının Bakı şəhərində keçirilməsi prokurorluq orqanlarının, o cümlədən paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr qoyulduğu vurğulanıb.
Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə törədilən 51 qəsdən adam öldürmə cinayətlərindən 50-nin və 23 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edildiyi bildirilib.
Ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 279 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 197 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulan 7 milyon 151 min 170 manat məbləğində maddi ziyanın 5 milyon 141 min 511 manatının və ya 71,9 %-nin ödənilməsi təmin olunub.
Həmçinin hesabat dövründə Bakı şəhərinin rayon prokurorluqlarının icraatında olan cinayət təqibi materialları üzrə qanunvericiliyə müvafiq olaraq şəxsin məsuliyyətdən azad olunması üçün dövlət büdcəsinə 442 min 748 manat pul vəsaiti ödənilib.
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.
Mehman Mehdiyev