Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində suvenir pullarla vətəndaşları aldadan şəxslər saxlanılıblar.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 17-si gecə saatlarında şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn “Toyota” markalı avtomobilin sürücüsünün aldığı yanacaq qarşılığında üzərində “etibarsızdır” yazılan saxta əsginasları verməsi barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə həmin şəxslərin- Şamaxı rayon sakini, əvvəllər də oğurluq, quldurluq, eləcə də törətdiyi digər cinayətlərə görə məhkum olunmuş Famil İbadov və Abşeron rayon sakini Əkbər Kərimov olduqları müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, onlar iz itirmək məqsədilə yanacaqdoldurma məntəqəsinə daxil olmazdan əvvəl avtomobilin dövlət qeydiyyat nişanına müdaxilə ediblər .
Saxlanılan şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji əməllər törətdikləri istisna edilmir. Onların bu kimi əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya ərazi polis orqanına müraciət edə bilərlər.
Mehman Mehdiyev