"Bu gün məktəblərdə yaranmış vəziyyət və ictimaiyyət arasında müzakirə olunan hadisələrə diqqət yetirsək tərbiyənin təhsildən önəmli olduğunun şahidi oluruq".
Bu fikirləri Newscenter.az-a səsləndirən Qusar rayonu Balaqusar kənd tam orta məktəbinin direktoru Babacan Zəkiyev deyib ki, məktəbin əsas funksiyalarından biri də Azərbaycan Dövlətinə layiqli vətəndaş hazırlamaqdır:
"Əgər hər hansı şagirdimiz Vətən qəhrəmanı, elmin müxtəlif istiqamətləri üzrə ölkədə və onun hüdudlarından kənarda şöhrət qazanırsa təbii ki, onun yetişdiyi ictimai mühitin, müəllimin, məktəbin ailənin böyük rolu var. Məhz mənfi əməllər də belədir. Bugünkü sürü, kütlə, mağara təfəkkürü, bəhsəbəhslik, yersiz qısqanclıq və digər mənfi davranışlar cəmiyyətin gənc təbəqəsi olan məktəblilər arasında faciəyə yol açmaqdadır".
Babacan Zəkiyev hesab edir ki, heç bir inzibati yol düzgün tərbiyə qədər təsirli deyildir:
"Cəmiyyətdə elə valideynlər var ki, onların övladları valideynlərindən ağıllı və düzgün düşünürlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan müəllimləri hazırkı proseslərdə təkcə təhsilverən yox, eyni zamanda tərbiyə edən, nümunə olmağı bacaran, layiqli vətəndaş yetirən şəxsiyyətdir. Amma yenə də ən çox tənqid olunan, ifşa edilən, hörməti yerdən- yerə vurulan, sosial platformalarda ən hörmətsiz, dedi- qodu başının üstündən əskik olmayan peşə sahibi də müəllimdir. Kimlərəsə şəxsi qərəzləri üzərindən müəllimlərə yuxarıdan baxmaq cəmiyyətdə, xüsusilə yeniyetmələr arasında müəllim nüfuzunun azalmasına və nəticədə mental dəyərlərimizin, ailə institutunun pozulmasına gətirib çıxaracaq. Bəs bu işi necə yerinə yetirək ki, cəmiyyətdə adımızı doğruldaq. Bir neçə millət vəkillərimiz, media mənsubları, ayrı-ayrı ziyalı insanlarımız var ki, onların bu sahədəki müsbət fəaliyyətləri danılmazdır. Yenə qeyd etmək istəyirəm ki, sürü, kütlə psixologiyası bizi bu mənfi təsirlərdən azad olmağa imkan vermir. Yaxşı olar ki, təhsilə və təhsil ictimaiyyətinə yaxın olan media qurumları, təhsil fədailəri, nüfuzlu ziyalılar, fikir aydınlarımızla tez - tez dəyirmi masalar, açıq qapı günləri, məktəb şagirdləri arasında görüşlərini təşkil edək. İstər təhsildə rəhbər şəxs olsun, istər sadə məktəb müəllimi onun problemlərində, həmin ziyalılar, cəmiyyət onun əlindən tutsun, onu qorusun. Bir sözlə cəmiyətdə müəllimi sahibsiz, baxımsız buraxmaq gələcək faciələrimizin əsası ola bilər. Müəllim adını qorumaq həm müəllimlırimizin, həm də cəmiyyətimizin borcudur".
Newscenter.az