"ABŞ-ın Ukraynaya maliyyə yardımı ayırmasını gecikdirməsi fonunda Avropa ölkələrinin Rusiyadan gələn təhlükənin ciddiliyini qəbul etməyə başlaması artıq Ukraynaya Avropa ölkələrinin əsgərlə kömək etməsi məsələsini gündəmə gətirib. Trampın Avropanın müdafiəsi və Putinə dəstək xarakterli çıxışından sonra Avropa ölkələrinin qorxusu daha da artıb. Əsgəri qüvvə ilə dəstək fikrini Fransa ortaya atsa da, hələlik bunun dəstəkləri demək olar ki, yoxdur. Almaniya kansleri O.Şolts bunun mümkünsüz olduğunu qəti şəkildə bildirib".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Avropa ölkələrinin Ukraynaya əsgəri qüvvə göndərmıəsinin mümkün NATO-Rusiya savaşına yol aça biləcəyi barədə səslənən iddiaları şərh edərkən səsləndirib. O bildirib ki, bu hal NATO-Rusiya savaşının açıq müstəviyə keçməsi olar:
"Moskva onsuz da indiki durumu NATO ilə savaş kimi xarakterizə edir. Təbliğatını bunun üzərində qurur. Avropanın Ukraynaya əsgəri dəstəyi isə Rusiyanın tamamı ilə hərbi vəziyyət elan etməsinə səbəb olar. Hərbi vəziyyət Rusiya üçün ciddi olaraq hərbi anlamda, yəni silah-sursat, əsgər baxımından elə də ciddi fərq etməz. Çünki Rusiya onsuz da bütün imkanları ilə Ukrayna ilə müharibə aparır. Əksinə bu zaman Rusiyanın məğlubiyyəti qaçılmaz olar, sadəcə Rusiyanın nüvə təhdidi hər zaman yerinə qalır".
Politoloq hesab edir ki, Avropanın bilavasitə bu müharibəyə əsgərlə qatılması fikri hələlik söz olsa da, artıq belə bir fikrin deyilməsi gələcəkdə ola bilmə ehtimalını artırır:
"Xatırladım ki, Qərb və Avropa Ukraynaya etdiyi hərbi yardımları elə addəm-addım artırır, verilə bilməz deyilən silahlar tədricən Ukraynaya verilir, o cümlədən də, F-16-ların verilməsi. İndi mümkünsüz deyilən yaxın gələcəkdə mümkün ola bilər. Bu fikrin ortaya çıxması buna işarədir".
Süleyman