Ermənistan sözdə sülh, əməldə müharibə deyir. Bu ölkə indiki situasiyada mümkün qədər sülhə əngəl olmağa, paralel olaraq silahlanmağa üstünlük verir. Bu isə Azərbaycanla Ermənistan arasında yeni bir hərbi qarşıdurmanı qaçılmaz edir. Elə politoloq Mütəllim Rəhimli də bu qənaətdədidr.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, 5 aylıq sükutdan sonra Ermənistan-Azərbaycan şərti sərhəddində atəşkəsin müntəzəm şəkildə pozulması, Paşinyanın KTMT-ni nüfuzdan salan bəyanatlarını artırması, Fransa ilə əməkdaşlıq çərçivəsində NATO silah sistemlərinin Ermənistana verilməsi də İrəvanın heç də xoş olmayan davranışlarından xəbər verir. Politoloq bu ərəfədə Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana nəzərə tutulan səfərindən də danışıb. Bildirib ki, Zelenskinin Ermənistana səfərinin planlaşdırılması koordinasiyasını Qərb xüsusi xidmət orqanlarının həyata keçirdiyi hərbi-siyasi əməliyyatlardır:
"Əsas məqsəd də Putini Rusiya üçün həyati əhəmiyyətli daha bir dəhlizdə vaxtından qabaq döyüşə çəkmək, həm Ermənistan, həm də Gürcüstanın Qərbyönümlü rəhbərlərinin çağırışıyla NATO qüvvələrinin bu ölkələrə sürətli yerləşməsini təmin etməkdir".
Anar Əliyev