Ermənistan-Azərbaycan arasındakı təmaslarda maraqlı proseslər cərəyan edir. Daha dəqiq desək bu proses qarşı tərəfdən, yəni Ermənistan tərəfdən müşahidə edilir. İrəvan ənənəsinə sadiq qalaraq sülhə maraqlı olduğu görüntüsü yaratmaqla pərdə arxasında təxribatla məşğul olur, yaxud Bakı ilə şərt dilində danışır. Elə politoloq Elxan Şahinoğlu da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, erməni mənbələri baş nazir Nikol Paşinyanın Azərbaycanın tələb etdiyi 4 kəndi geri qaytarmağa hazır olduğu barədə məlumat yayıb. Ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib:
"Bu mümkün deyil. Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur".
Elxan Şahinoğlunun qənaətincə, Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq:
"Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmaq istəyir. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil".
Anar Əliyev