“İyirmi bir, beş, on doqquz - fərq etməz bizə, onsuz da tükənib halımız bizim və artıq ifşa edib arif xalq, oynadığımız bu kirli oyunları”, – əminliklə deyə bilərik ki, bu cür fikirlər onsuz da parçalanmış halda və məhdud sayda olan radikalların sırasında müxtəlif vədlərlə aldadılaraq, hələ də azaraq qalmış hər bir vətəndaşın siyasi təfəkküründə təkrarlanan səda kimi səslənməkdədir. Xatırladaq ki, özünə məcburən “radikalların lideri” dedizdirən, əslində isə sadəcə siyasi spekulyant və bəsit demaqoq olan Əli Kərimli sosial şəbəkələr vasitəsilə ardıcıl olaraq üç dəfə mitinq elan edib. İlk mitinq elan-hoqqabazlığı aprelin 21-nə təsadüf etmiş, daha sonra bu “şıltaqlıq” mayın 5-nə qədər təxirə salınıb. Üçüncü cəhddə isə “qarın ağrısı” adı ilə “iməciliyin” tarixi mayın 19-na qədər uzadılıb. Nədənsə adını çəkdiyimiz bu sosial şəbəkə “laykbazının” çağırışları sovet dövründə qaranlıq keçidlərdə “şarik-marik-qarik” sözləri ilə insanları “üskük” qumar oyununa dəvət edənlərin çağırışına bənzəyir. Əlbəttə ki, bu bənzətmə təsadüfi deyil. Axı, Əli Kərimlilərin və “üskükçü” xırda qumarbaz xuliqanların hədəfi eynidir – manipulyasiya vasitəsilə sadə insanları aldatmaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Siyasi tükənmişlik” sərlövhəli məqaləsində yer alıb.
Razılaşmaq lazımdır ki, təsvir etdiyimiz mənzərə bilavasitə mənəvi və düşüncə ucuzluğunun təzahürüdür. Ancaq bu bəla-siyasətciklərin faciələri bununla da bitmir. Boşboğaz demaqoq və avantüristlərin bayraqtutanı olan Əli Kərimli artıq öz siyasi tükənmişliyini növbəti dəfə daha açıq-aydın nümayiş etdirdi. Belə ki, mitinqlərin baş verməməsinə dair öz aləmində izahat verən Ə.Kərimli növbəti “dahi” fikrini səsləndirdi: “addımlarımızı sosial sifarişə uyğun atacağıq”. Deməli, xalqın arzusunun nifaq deyil, rifah olduğunu anlamaları üçün otuz illik siyasi fəaliyyət kifayət etməyib. Bu psevdodemokratlar artıq öz şəxsi uğursuzluqlarının səbəbini xalqda görürlər. Bu halın tək bir adı var: “siyasi tükənmişlik”. Çünki bu sözlər və belə davranışlar bilavasitə siyasi tükənmişliyin təzahürüdür.
Radikal siyasi düşüncə təfəkkürünün əsas daşıyıcısı olaraq AXCP Azərbaycan siyasəti üçün artıq tükənib və hətta bitib. Bu cür siyasi əxlaq daşıyıcısı olanların fəaliyyəti yuxarıda bəhs etdiyimiz sovet dövrünün qaranlıq keçidlərində fırıldaqçılıqla məşğul olan “zavallı” qumarbaz “üskükçülərin” ucuz manipulyasiyalarına bənzəyir. Əslində, bu hal heç də təsadüfi deyil. Məhz küçə iğtişaşları dövründə üzə çıxmış bu siyasətciklərin siyasi baxış və təfəkkürləri də həmin dövrdən etibarən donmuş şəkildə qalıb. Dəyişmək istəməyən və bunu bacarmayan, habelə dəyişmək üçün potensialı olmayan bu radikal düşüncə sahibləri xəstə ambisiyaları naminə başqalarının əlində “marionet kukla” olmaq yolunu seçiblər. Bəli, bu, onların şəxsi seçimləridir və şəxsi işidir, ancaq öz xalqına qarşı xain mövqedə olmaq satqınlıq və bağışlanmaz riyakarlıqdır.
Bütün vəchlə milli həmrəyliyə qarşı çıxış edən bu siyasətciklər artıq öz radikal müxalifət statusunu da itirmək qorxusunu yaşayırlar. Yaxşı bilirlər ki, bu statusu itirəcəkləri təqdirdə hətta öz sifarişçiləri tərəfindən onlara verilmiş sonuncu “marionet kukla” statuslarından da məhrum qalacaqlar. Odur ki, bunlar üçün sonuncu qrant “dənini” itirməməyin yeganə çıxış yolu və son ümidləri məhz küçə iğtişaşlarıdır. Baş verən son hadisələr və vaxtaşırı üzə çıxan biabırçı məlumatlar qeyd olunanların sübutudur.
Heç də təsadüfi deyil ki, bilavasitə Prezident Administrasiyasının təşəbbüsü ilə cəmi bir neçə gün əvvəl, daha dəqiq desək, mayın 16-da keçirilmiş “Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanununun tətbiqi məsələləri” adlı tədbir ətrafında AXCP, sözün əsl mənasında, siyasi isterika yaratmağa cəhd etdi. Zatən mənasız və ucuz şivənlik bunların siyasi fəaliyyətlərinin əsas xüsusiyyətlərindəndir. Belə ki, Prezident Administrasiyasının təşkilatçılığı, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, habelə Ədliyyə və Maliyyə nazirliklərinin iştirakı ilə keçirilmiş həmin tədbirdə adıçəkilən rəsmi dövlət qurumları ilə yanaşı, ölkədə fəaliyyət göstərən 25 siyasi partiyanın nümayəndələri də iştirak etdi. İştirak etməyən təkcə AXCP oldu. Odur ki, qeyd olunan tədbir ölkədə yaşanan real siyasi dialoq mühitinin bilavasitə təzahürüdür. Bununla da Azərbaycan ictimaiyyəti növbəti dəfə bütün siyasi partiyaların bir arada toplaşmasına şahidlik etmiş oldu. Radikalları narahat edən məsələ də elə odur ki, onlar müxalifəti öz ətrafında birləşdirə bilmədi. Xalqı birləşdirən amil və qüvvə Azərbaycan dövləti oldu. Beləliklə, Əli Kərimli faktiki olaraq hətta öz saxta “müxalifət lideri” statusunu da itirmiş oldu.
Ölkə və cəmiyyətin uğurlarında zərrə qədər payı olmayan, habelə milli birliyi inkar edən və dövlətimizə qarşı qərəzli çıxış edən qüvvələrin əllərində “marionet kukla” kimi oynadılmağa razı olanların nəinki milli siyasi qüvvə kimi adlanmağa, hətta siyasətdə olmağa belə haqları yoxdur. Yaşadıqları “siyasi tükənmişlik” sindromu isə onların aqressiv davranışlarına heç də haqq qazandırmır.